Cəsarət Hüseynzadə
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru


2026-cı il noyabrın 6-da Gəncədə keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu vətəndaş cəmiyyətinin əldə etdiyi nəticələri, mövcud ehtiyaclarını və gələcək inkişaf istiqamətlərini müzakirə etmək üçün əhəmiyyətli platforma oldu. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda 400-dən çox vətəndaş cəmiyyəti təmsilçisinin iştirakı dialoq və əməkdaşlıq üçün geniş imkan yaratdı. Forum həm sektora yeni qoşulan simalar və gənclər, həm də uzun illərdir bu sahədə çalışan nümayəndələr üçün tanışlıq, təcrübə mübadiləsi və yeni tərəfdaşlıqlar qurmaq baxımından faydalı oldu.

Forumun iştirakçısı kimi hesab edirəm ki, tədbirin əsas əhəmiyyəti əldə olunan nəticələrlə qarşıda duran vəzifələri birlikdə nəzərdən keçirmək imkanı yaratmasında idi. Təşkilatların peşəkarlığı, fəaliyyətin ictimai təsiri, rəqabət mühiti, beynəlxalq əməkdaşlıq və rəqəmsal bacarıqlar bu müzakirələrin bir-birini tamamlayan istiqamətləri oldu.

Forumun əsas mesajı: fəaliyyətin keyfiyyətini artırmaq

Forumun Gəncədə keçirilməsi regional iştirakçılıq baxımından əhəmiyyətlidir. Kənar mühitdən ayrılaraq vətəndaş cəmiyyəti həmrəyliyini bölüşmək həm də fərqli hisslərdir. Müzakirələrdə önə çıxan əsas məsələlərdən biri isə QHT sektorunda kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçidin vacibliyi idi. QHT-lərin keçirdiyi tədbirlərin, iştirakçıların və yayımlanan materialların sayı fəaliyyətin miqyasını göstərir. Həmin fəaliyyətin insanların biliklərində, davranışlarında və problemlərinin həllində yaratdığı dəyişiklik onun ictimai faydasını müəyyənləşdirir.

Müşahidəmə görə, son illərdə Agentliyin dəstəklədiyi layihələr arasında yerli və beynəlxalq səviyyədə diqqət çəkən, nəticələri ilə seçilən nümunələr daha çox görünür. Dəstəklənən layihələrin sayındakı dəyişiklikləri qiymətləndirərkən onların əhatəsini, keyfiyyətini və davamlılığını da nəzərə almaq lazımdır. Sayla nəticə arasındakı əlaqənin sistemli təhlili bu mənzərəni daha dəqiq göstərər. Sadə dillə desək, dəstəklənən layihələrin sayında qismən azalma  olsa da, uğurlu və nəticəyönümlü layihələrin sayında ciddi irəliləyişlər var.

Rəqabət mühiti: son illərin hiss olunan dəyişikliyi

Keçmiş bizim tariximizin bir hissəsidir. QHT sektoru olaraq əvvəlki mərhələləri uğurları və çatışmazlıqları ilə birlikdə yaşamışıq. Bu təcrübəyə obyektiv yanaşmaq həm nailiyyətləri qiymətləndirmək, həm də gələcək inkişafı daha sağlam əsaslarla qurmaq üçün vacibdir.

Son bir neçə ildə sektorda rəqabət mühitinin tədricən gücləndiyini hiss edirik. Bu dəyişiklik layihə müsabiqələrində, fəaliyyətin təqdimatında, sosial şəbəkələrdə fəallıqda, mətbuatda görünürlükdə və beynəlxalq təmsilçilik imkanlarına maraqda özünü göstərir.

Bununla belə, bu meyillər hələ ilkin mərhələdədir. Ayrı-ayrı uğurlu nümunələrin mövcudluğu sektorun bütövlükdə eyni inkişaf səviyyəsinə çatdığını göstərmir. Qarşıdakı vəzifə həmin nümunələrin geniş yayılmasına və davamlı təcrübəyə çevrilməsinə şərait yaratmaqdır.

Sosial şəbəkələrdə fəaliyyətin təqdimatı. QHT-lərin gördükləri işləri daha maraqlı məzmunla təqdim etmək, uğurlarını bölüşmək və geniş auditoriyaya çıxmaq istiqamətində yarış hiss olunur. Bu, yeni formatların öyrənilməsinə və kommunikasiya bacarıqlarının inkişafına stimul verir. Növbəti mərhələdə fəallığın davamlılığı, məzmunun keyfiyyəti və hədəf auditoriyasına faydası gücləndirilməlidir.

Mətbuatda görünürlük. QHT.az saytının baş redaktoru kimi təşkilatların fəaliyyətlərini işıqlandırmaq və ictimai müzakirələrdə iştirak etmək marağındakı artımı da hiss edirəm. Bu marağın əsaslandırılmış ekspert mövqeyi, dolğun məlumat və konkret nəticələrlə tamamlanması vacibdir. QHT-nin fəaliyyət göstərdiyi sahədə etibarlı məlumat mənbəyinə çevrilməsi onun mediada iştirakını daha davamlı edə bilər.

Beynəlxalq əməkdaşlıq və təmsilçilik. Xarici tərəfdaşlarla əlaqə qurmaq, beynəlxalq tədbirlərdə iştirak etmək və müxtəlif platformalarda təmsil olunmaq marağı da rəqabətin hiss edildiyi istiqamətlərdəndir. Yerli layihələrə xarici mütəxəssislərin cəlb edilməsi və beynəlxalq təcrübə mübadiləsi bu imkanları genişləndirir. Əsas məsələ yaranan əlaqələrin birgə təşəbbüslərə və davamlı əməkdaşlığa çevrilməsidir.

Bu istiqamətlərdə sağlam rəqabəti gücləndirən şərtlər şəffaflıq, aydın qaydalar, bərabər imkanlar və obyektiv qiymətləndirmədir. Seçim meyarlarının məlum olması və təşkilatlara əsaslandırılmış rəy verilməsi onların növbəti mərhələyə daha hazırlıqlı yanaşmasına kömək edir.

Çıxışlarda görünən inkişaf hədəfləri

Forumda Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyevanın çıxışlarında qarşıdakı vəzifələr aydın ifadə olunurdu.

PA-nın sektor müdiri Tural Əliyevin kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə, formal fəaliyyətdən real fəaliyyətə keçidin vacibliyini vurğulaması sektor üçün mühüm istiqamət göstərirdi. QHT-lərin ixtisaslaşması, hədəf auditoriyası ilə işləməsi və sosial media fəaliyyətini gücləndirməsi barədə fikirlər təşkilati inkişafın konkret ehtiyaclarına diqqət çəkirdi.

İdarə Heyətinin sədri Aygün Əliyevanın çıxışında insan kapitalının inkişafı, institusional potensialın gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və rəqəmsal mühitin çağırışları önə çıxırdı.

Sosial medianın şəffaflıq, ictimai etimad və tərəfdaşlarla kommunikasiya baxımından əhəmiyyətinin vurğulanması da bu gündəliyi tamamlayırdı.

Bu çıxışları birlikdə qiymətləndirdikdə görünür ki, mövcud irəliləyişlər daha yüksək keyfiyyət mərhələsinə keçid üçün başlanğıc yaradır. Hədəf təşkilatların daha peşəkar işləməsi, öz sahəsində ixtisaslaşması və nəticələrini əsaslandıra bilməsidir.

Üç panelin ümumi inkişaf gündəliyinə töhfəsi

Forumun üç paneli QHT-lərin fəaliyyətinə müxtəlif istiqamətlərdən yanaşmağa imkan verdi. “Azərbaycan QHT-ləri milli maraqların keşiyində” panelində milli-tarixi irs, ideoloji təhlükəsizlik, müstəmləkəçiliyə qarşı fəaliyyət və Qərbi Azərbaycan irsinin beynəlxalq təqdimatı müzakirə olundu. Bu istiqamətlərdə sahə üzrə ekspertiza və etibarlı mənbələrə əsaslanan kommunikasiya mühüm əhəmiyyət daşıyır. “WUF13 irsi QHT təşəbbüslərində” paneli dayanıqlı və inklüziv şəhərlər, innovativ yanaşmalar və şəhərsalma prosesində vətəndaş cəmiyyətinin iştirakını gündəmə gətirdi. Burada əsas imkan həmin yanaşmaların yerli icmaların ehtiyaclarına uyğun təşəbbüslərə çevrilməsidir. Moderatoru olduğum “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları” panelində rəqəmsal fəaliyyət, kommunikasiya çətinlikləri və yeni texnologiyalardan istifadə məsələləri müzakirə edildi. Bu bacarıqlar təşkilatların gündəlik işinin səmərəliliyi və ictimaiyyətlə əlaqələri baxımından əhəmiyyətlidir.

Hər üç istiqamətdə nəticə əldə etmək sahə üzrə bilik, praktik bacarıq və davamlı əməkdaşlıq tələb edir.

Növbəti mərhələ: ehtiyaca uyğun peşəkar inkişaf

Forumda son dörd ildə inkişaf və mübadilə proqramları çərçivəsində 500-dən artıq QHT nümayəndəsinin bilik və bacarıqlarının artırılmasına töhfə verildiyi bildirildi. Hesab edirəm ki, növbəti mərhələdə kiçik qruplarla işləməyə, sahə üzrə peşəkar hazırlığa və praktik müşayiətə daha çox yer verilməlidir. Təşkilatların ehtiyacları fərqlidir: bir QHT-yə layihə idarəetməsi, digərinə maliyyə planlaşdırılması, başqa birinə rəqəmsal kommunikasiya və ya beynəlxalq tərəfdaşlıq üzrə dəstək lazım ola bilər. Bu zaman qruplar həm ixtisaslaşma istiqamətinə, həm də iştirakçıların mövcud bilik, bacarıq və təcrübə səviyyəsinə uyğun formalaşdırılmalıdır. Hazırlıq səviyyəsi bir-birinə yaxın olan iştirakçıların kiçik qruplarda birləşdirilməsi proqramın məzmununu və iş tempini onların ehtiyaclarına uyğunlaşdırmağa, praktik tapşırıqlara və fərdi dəstəyə daha çox vaxt ayırmağa imkan verər.

Rəqəmsallaşma və beynəlxalq təmsilçilik gündəliyi inkişaf etdikcə QHT-lərin ənənəvi fəaliyyət sahələri də davamlı dəstəklənməlidir. Sosial xidmətlər, mədəniyyət, kənd təsərrüfatı, iqtisadiyyat, hüquqi maarifləndirmə və yerli icmaların inkişafı cəmiyyətin ehtiyacları ilə birbaşa bağlı istiqamətlərdir.

Birliyin və sektora diqqətin ifadəsi

Forumun geniş əhatəsi, qonaqların iştirakı və belə böyük tədbirin nizamlı təşkili QHT sektorunun nüfuzunun yüksəlməsinə xidmət edən mühüm məqamlar idi. Sektora münasibət keçirdiyimiz tədbirlərin səviyyəsində, qurduğumuz tərəfdaşlıqlarda və müxtəlif qurumların fəaliyyətimizə göstərdiyi diqqətdə də özünü büruzə verir.

Bu baxımdan, hərbçilərimizin tədbirdə iştirakı, incəsənət nümayəndələrinin dəstəyi, sərgi və təşkilati detallar forumun məzmununu tamamlayırdı. İlk baxışda kiçik görünən belə məqamlar birlikdə tədbirin ictimai əhəmiyyətini və iştirakçılarda yaratdığı təəssüratı gücləndirir. Bəzən kiçik toxunuşlar böyük mənalar ifadə edir.

Zəfər və Dövlət Bayrağı günləri ərəfəsində Gəncə Filarmoniyasında Azərbaycan bayraqlarının yaratdığı mənzərə, Cənab Prezidentə müraciət, Dövlət Himninin səsləndirilməsi zamanı yaşanan qürur və coşqu forumun xüsusi yadda qalan anları oldu. Bu mənzərə Azərbaycan QHT-lərinin milli maraqlar ətrafında birliyinin və ortaq dəyərlərə bağlılığının rəmzi ifadəsi idi.

P.S. Forumun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Görünən nəticənin arxasında böyük hazırlıq işi, məsuliyyət və zəhmət dayanır. Bu əməyə verilən ən dəyərli qarşılıq forumda yaranan əlaqələri qorumaq, səslənən faydalı ideyaları konkret təşəbbüslərlə davam etdirmək olar.