Azərbaycanlı ekspert Samir Əliyev Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun rəhbər heyətinə seçilib.

Azərbaycanlı ekspert Samir Əliyev Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (EaP Civil Society Forum) 2-ci İşçi Qrupu üzrə koordinatoru və Forumun Rəhbər Komitəsinin (Steering Committee) üzvü seçilib.

Bu barədə Samir Əliyev sosial media hesabında məlumat verib. O bildirib ki, dünən aldığı xəbərə əsasən, Forumun 2-ci İşçi Qrupuna rəhbərlik edəcək, eyni zamanda təşkilatın strateji qərarların qəbulunda iştirak edən Rəhbər Komitəsində təmsil olunacaq.

Forum Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrindən təxminən 1200 vətəndaş cəmiyyəti təşkilatını bir araya gətirən regionun ən böyük və ən nüfuzlu vətəndaş cəmiyyəti platformalarından biridir.

Forumun 5 İşçi Qrupundan biri olan 2-ci İşçi Qrupu iqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətləri ilə yaxınlaşma, iqtisadi dayanıqlılıq, davamlı inkişaf, əmək və sosial siyasətlər kimi vacib istiqamətləri əhatə edir.

Samir Əliyev Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda "İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin nümayəndəsi olaraq təmsil olunur.

Qeyd etmək lazımdır ki, Samir Əliyev 2026–2028-ci illər üzrə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun yeni Rəhbər Komitəsinə Azərbaycandan seçilmiş yeganə şəxs deyil. Azərbaycan Milli Platformasının yeni seçilmiş koordinatoru Səbinə Ələkbərova da Rəhbər Komitəsinin üzvüdür və bununla da ölkəmiz Rəhbər Komitədə iki nümayəndə ilə təmsil olunacaq. Yeni seçilmiş Rəhbər Komitəsi öz səlahiyyətlərinin icrasına 1 iyul 2026-cı il tarixindən başlayacaq