N.Paşinyan İsrail hökumətinin saxta erməni soyqırımını tanıması qərarını belə şərh edib: “Biz hər hansı bir reaksiya verməyə ehtiyac görmürük, çünki hesab edirik ki, Ermənistan Respublikasının maraqlarına Ermənistan soyqırımı məsələsinin siyasiləşdirilməsindən imtina edilməsi uyğundur”.
Mövzu ilə bağlı Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Bu, artıq Ermənistan dövlətinin hazırki siyasi kursunun müxtəlif formalarda onlardan istrument kimi istifadənin davam etməsinə ehtiyatla yanaşdığını və maliyyə dili ilə ifadə etsək gəlirini dəqiq bilmədən xərclərə yol verməkdən çəkindiyini göstərir.
Çoxluq bilir ki, qlobal dünyada bir çox məsələ kimi soyqırım mövzusu da uzun müddətdir ki, inhisarda saxlanılırdı. Yəhudilər bu sahədə "şərik" qəbul etmirdilər. Onlar ermənilərin "soyqırım" vay-şivəninə beynəlxalq səhnədə Holokosta tarixi-siyasi rəqib kimi yanaşırdılar. Buna görə İsrail indiyədək qondarma "erməni soyqırımı"nı rədd edirdi.
İndi isə İrəvanın siyasi sükanı arxasında olanların "erməni soyqırımı"ndan imtina etdiyi vaxtda İsrail hökuməti onu tanımaq barədə qərar qəbul etdi.
Diqqət etsək görərik ki, Türkiyə XİN-in adıçəkilən məsələ ilə bağlı bəyanatında İsrailin Qəzzada həyata keçirdiyi qırğınlara birbaşa istinad var və stareteji müttəfiqimiz hesab edir ki, həmin soyqırımını unutmaq üçün İsrail rejimi qeyri-legitim, tarixin kobud şəkildə təhrif olunması ilə müşayiət olunan, ədalətsiz və saxta qərar qəbul edib.
İsrail gərək azından ermənilərin 1918-ci ildə Azərbaycanın Quba bölgəsində yüzlərlə yəhudini qətlə yetirməsi faktını nəzərə alaraq belə absurd qərardan çəkinərdi. Amma görünür beynəlxalq arenada baş verən hadisələrin alqoritmik ardıcıllığı bu qərarın qəbulunu zəruri edib. Doğrudur, qarşıdakı dövrdə İsrail-Türkiyə münasibətlərində rəvanlıq yaranacağı halda bu qərar xüsusi əhəmiyyətə malik olmayacaq. Türkiyə və İsrailin nəinki keçmiş, hətta müasir - son 20-30 illik tarixində belə nümunələr xeylidir.
Bu qərar bizim üçün də bir sıra mənfi nəticələr yarada və Cənubi Qafqazda əlehimizə olan fəaliyyətləri stimullaşdıra bilər. Azərbaycan Xarici İşlər Nazirliyinin Netanyahu hökumətinin qərarı ilə bağlı açıqlaması da bu təhlükəni dəqiq ifadə edib: "Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur".
Hazırda milli maraqlarımız yaşadığımız regionda Azərbaycanın başladığı sülh prosesini uğurla başa çatdırmağı, kommunikasiya xətlərinin açılmasını, Ermənistanın rus, eləcə də qeyri-stabillik tərəfdarı olan Avropanın müəyyən mərkəzlərinin təsirindən çıxarılması üçün həledici mərhələnin tezliklə başlamasını və Cənubi Qafqazda Azərbaycan-Türkiyə ittifaqının təsirinin birmənalı hakim gücə çevrilməsini tələb edir".












