16 noyabrda Azərbaycanın 10-a yaxın vətəndaş cəmiyyəti təşkilatı nümayəndəsi Almaniyanın paytaxtı Berlin şəhərinə təcrübə səfərinə yollanıb. 

QHT.az xəbər verir ki, səfər “Almaniyada Davamlı Həllər üzrə Təcrübə Proqramı – Praktiki Təcrübə Mübadiləsi və Davamlı Tədbir İdarəçiliyinə Həsr Olunmuş Təcrübə Səfəri” çərçivəsində həyata keçirilir. Proqram Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfundən dəstəklənir.
Səfərin məqsədi Azərbaycan QHT nümayəndələrinin davamlı inkişaf, tədbir idarəçiliyi, resursların effektiv istifadəsi, ekoloji yanaşmalar və sosial innovasiyalar sahəsində Almaniya təcrübəsi ilə yaxından tanış olması, həmçinin yeni tərəfdaşlıq imkanlarının qurulmasıdır.
Proqram çərçivəsində iştirakçıları çoxşaxəli görüş və ziyarətlər gözləyir:

  •  Berlin üzrə “Dayanıqlı inkişaf kontekstində zamanda səyahət” 
  •  AXICA Konfrans və Konqres Mərkəzi – dayanıqlı tədbir idarəçiliyi və memarlıq nümunəsi
  •  Haus der Materialisierung – iqlimədost resurs istifadəsi, materialların yenidən dövriyyəsi və təkrar emalı
  •  Domäne Dahlem – ekoloji kənd təsərrüfatı və qida təhlükəsizliyi modeli
  •  Alman Bundestaqı – parlament binası və Reyxstaq qübbəsinin ziyarəti
  •  BNW – Dayanıqlı Biznes üzrə Alman Assosiasiyası ilə görüş
  •  Atelier Gardens – sosial transformasiya və innovativ icma layihələri
  •  RootsRadicals – sıfır tullantı prinsipi ilə fəaliyyət göstərən qida şirkətində görüş
  •  wirBERLIN – böyük tədbirlərdə tullantıların idarə olunması və ekoloji kampaniyalarla bağlı təqdimat

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti dayanıqlı siyasətlərin tətbiqi, ekoloji menecment, sosial sahibkarlıq, resursların səmərəli istifadəsi və yenilikçi tədbir idarəçiliyi ilə bağlı praktiki biliklər əldə edəcəklər.
QHT sektorunun nümayəndələri bildiriblər ki, Berlin proqramı həm bilik mübadiləsi, həm də gələcək layihələr üçün beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək.

Səfər 20 noyabrda yekunlaşacaq.