Qəbul edilmiş qanun layihəsi 2026-cı il yanvarın 30-dək hökumətin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutduğundan kompromisdir.
QHT.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkə tarixində 43 gün davam edən ən uzun hökumət bağlanmasına son qoyan maliyyələşdirmə haqqında qanun layihəsini imzalayıb. Tramp sənədi Nümayəndələr Palatasının 222 lehinə, 209 əleyhinə səsilə qəbul etməsindən sonra imzalayıb. Senat layihəni bir neçə gün əvvəl təsdiqləmişdi və altı demokrat öz partiya xəttini pozaraq sənədin lehinə səs verib. Qanun layihəsi federal işçilərin işinə qayıtmasına imkan yaradır və hökuməti 30 yanvara qədər müvəqqəti maliyyələşdirir.
Bununla belə, razılaşmada Obamacare üzrə vergi endirimlərinin uzadılması məsələsi açıq qalır. 43 günlük bağlanma Tramp administrasiyası ilə Konqresdə Demokratlar arasında ən ciddi qarşıdurmalardan biri olub. Hökumətin fəaliyyətinin dayanması bir sıra əsas xidmətlərin işini məhdudlaşdırıb və ölkənin ən böyük ərzaq yardımı proqramı müvəqqəti olaraq dayandırılıb.
R.İmanov






