“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib ki, azad olunmuş ərazilərdə yenidənqurma prosesində köçürülən sakinlərin məşğulluğa cəlb edilməsi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük önəm daşıyır.

QHT sədri qeyd edib ki, bu bölgələrə köçürülən sakinlər 30 ildən artıq müxtəlif yerlərdə yaşadıqları üçün yeni mühitdə iş imkanlarını itirirlər. Lakin əmək bazarının yeni tələblərinə uyğun olaraq, insanlar müxtəlif peşələrə yiyələnməli və öz təsərrüfatlarını qura bilməlidirlər. Hazırda 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub və digər sakinlərin də bu tədbirlərdə aktiv iştirak etməsi vacibdir.

"Dövlət azad olunmuş ərazilərə dəstək versə də, sakinlərin öz sosial rifahını təmin etməkdə maraqlı olması önəmlidir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi bölgələrdə, o cümlədən Qarabağda peşə testləri və əmək yarmarkaları keçirir. Maarifləndirmə tədbirləri təkcə televiziya və radio ilə deyil, həmçinin ictimai dinləmələr, müzakirələr və görüşlər vasitəsilə həyata keçirilməlidir".

Zülfiyyə Nuriyeva əlavə edib ki, Şirvan şəhərində təşkil edilən milli abservatoriyanın ictimai dinləməsində bir neçə şəxsin iş probleminin həll olunduğunu, iş axtaranlarla işəgötürənlərin birbaşa əlaqələndirildiyini də vurğulayıb:

“Yeni çağırışlar və addımlar tələb olunur. Əhali ilə görüşlər, ictimai dinləmələr, peşə festivalları və əmək yarmarkalarında aktiv iştirak təmin edilməlidir”.

 

Pərvanə Fərhadqızı

QHT.az