ABŞ Dövlət Departamenti əvvəllər USAID tərəfindən dəstəklənən “Feed the Future Innovation Labs” kənd təsərrüfatı tədqiqat proqramlarını yenidən bərpa edib. Yeni qərar çərçivəsində yeddi layihəyə maliyyə ayrılıb. Lakin əvvəlki 17 laboratoriyanın hamısı fəaliyyətə qayıtmayacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu proqramlar ABŞ universitetlərinin rəhbərliyi ilə kənd təsərrüfatında mövcud problemlərin həlli, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və yeni texnologiyaların inkişafı məqsədilə yaradılıb. USAID-in fəaliyyətində baş verən dəyişikliklər və xarici yardımların azaldılması nəticəsində layihələrin əksəriyyəti fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşmişdi.
ABŞ Dövlət Departamentinin rəsmisi Meqan Hanson bildirib ki, kənd təsərrüfatı sahəsində tədqiqat və inkişafa investisiya qoyuluşu mühüm nəticələr verir. Onun sözlərinə görə, güclü kənd təsərrüfatı sistemləri və innovasiyalara çıxış ölkələrə xarici ərzaq yardımından asılılığı azaltmağa, öz əhalisini ərzaqla təmin etməyə kömək edə bilər.
Qeyd edək ki, əvvəlki 17 laboratoriyadan yalnız Kanzas Dövlət Universitetinin rəhbərlik etdiyi, iqlim dəyişikliklərinə davamlı taxıl istehsalına yönələn layihə ABŞ-nin xarici yardımları azaltması fonunda fəaliyyətini davam etdirə bilib. Digər layihələr isə tədqiqatları dayandırmaq və ya alternativ maliyyə mənbələri tapmaq məcburiyyətində qalıb.
Yeni maliyyələşdirmə kənd təsərrüfatı tədqiqatlarının davam etdirilməsi üçün imkan yaratsa da, əvvəlki proqramların yalnız bir hissəsinin bərpa olunması bu sahədə fəaliyyətin miqyasının məhdud qalacağını göstərir.












