20 noyabr 2026-cı il tarixində Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Səhiyyə islahatları: Dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və dialoq” mövzusunda keçirilən görüşdə iştirak etdim.

Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Pərvanə Vəliyevanın təşəbbüsü ilə keçirilən görüşdə səhiyyə sahəsində fəaliyyət göstərən 20 qeyri-hökumət təşkilatının nümayəndələri bir araya gələrək mövcud problemləri, aktual məsələləri və mümkün həll yollarını müzakirə etdilər.

Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərlinin açılış nitqi ilə başlayan görüşdə səhiyyə xidmətlərinin əhali üçün əlçatanlığının artırılması, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi, QHT-lərin bu prosesdə iştirak imkanları diqqət mərkəzində oldu.

Mənim fikrimcə, bu görüşün əsas əhəmiyyəti ondan ibarət idi ki, vətəndaş cəmiyyəti nümayəndələri yalnız mövcud problemləri səsləndirməklə kifayətlənmədilər, eyni zamanda konkret təkliflərini irəli sürmək, öz təcrübələrini bölüşmək və qərarların hazırlanması prosesində iştirak etmək imkanı qazandılar.

“Şəfa Psixoloji-Sosial Yardım” İctimai Birliyinin sədri kimi hesab edirəm ki, səhiyyə islahatları yalnız tibbi xidmətlərin təkmilləşdirilməsi ilə məhdudlaşmamalı, əhalinin psixoloji və sosial rifahı, həssas qrupların müdafiəsi, psixososial dəstəyin əlçatanlığı da bu prosesin mühüm tərkib hissəsi olmalıdır.

Dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında açıq dialoq, qarşılıqlı etimad və davamlı əməkdaşlıq cəmiyyətin sağlamlığının və rifahının yüksəldilməsinə mühüm töhfə verə bilər.

Belə faydalı müzakirə platformasının yaradılmasına görə Azərbaycan Milli QHT Forumuna, təşəbbüsünə və vətəndaş cəmiyyətinin nümayəndələrini dinlədiyinə görə deputat Pərvanə Vəliyevaya təşəkkürümü bildirirəm.

İnanıram ki, səsləndirilən təkliflər əməli nəticələrə çevriləcək və bu dialoq davamlı əməkdaşlığın yeni mərhələsinə töhfə verəcək.

“Şəfa Psixoloji-Sosial Yardım” İctimai Birliyinin sədri Xəlil Süleymanov