Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinin yekun ictimai müzakirəsi zamanı çıxış edən Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli layihənin əhəmiyyətini vurğulayaraq, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın önəmini qeyd edib:
“Layihənin əsas məqsədlərindən biri dövlət təşkilatları ilə QHT-lərin birgə fəaliyyətinin təmin olunmasıdır. Hər qurumun öz sahəsində məsuliyyət daşımasına baxmayaraq, əməkdaşlığın olması nəticəsində daha geniş və səmərəli işlər görülür. Bu, yalnız yol hərəkəti təhlükəsizliyi sahəsində deyil, digər istiqamətlərdə də özünü göstərir. Əlilliyi olan şəxslərin, xüsusən də eşitmə məhdudiyyətli insanların problemlərinin həlli, onların hüquqlarının qorunması hər zaman diqqət mərkəzində saxlanılmalıdır,” – deyə o bildirib.
Davud Rəhimli əlavə edib ki, layihə çərçivəsində aparılan tədqiqatlar, hesabatlar və ictimai müzakirələr əlilliyi olan insanların gündəlik həyatda üzləşdikləri problemlərin daha dərindən öyrənilməsinə və onların həlli istiqamətində yeni təkliflərin irəli sürülməsinə imkan yaradıb.
“Bu cür təşəbbüslər yalnız ölkə daxilində deyil, beynəlxalq əməkdaşlıq müstəvisində də davam etdirilməlidir. Qanunvericilikdə mövcud olan normaların tətbiqi və təkmilləşdirilməsi isə bu prosesin əsas istiqamətlərindən biridir,” – deyə ƏTİ prezidenti qeyd edib.
Pərvanə Fərhadqızı






