Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev “Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinin yekun ictimai müzakirəsində çıxış edərək yol hərəkəti təhlükəsizliyinin təbliği və bu sahədə vətəndaş cəmiyyəti instutları ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti ilə bağlı mühüm məqamlara toxunub.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, dövlət və hökumət tərəfindən qeyri-hökumət təşkilatlarına göstərilən dəstək bu gün real nəticələrini verməkdədir:
“Əslində, bugünkü tədbir dövlət qurumları və QHT-lərin birgə fəaliyyətinin bir töhfədir. Fiziki məhdudiyyətli insanlara qarşı laqeyd qalmaq mümkün deyil. Onlar bizim doğmalarımızdır, cəmiyyətimizin bir hissəsidir və onların həyatının rahatlaşdırılması, təhlükəsizliyinin qorunması hamımızın borcudur”, – deyə M. Ağayev bildirib.
Polkovnik-leytenant vurğulayıb ki, yol-nəqliyyat hadisələri yalnız ölkəmizdə deyil, bütün dünyada ciddi narahatlıq doğuran problemdir:
“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada yol-nəqliyyat hadisələri nəticəsində təxminən 1,25 milyon insan həyatını itirir. Bu, hər 30 saniyədə bir insan deməkdir. Təəssüf ki, bu tendensiya azalan yox, artan xətt üzrə inkişaf edir və 2030-cu ilə qədər bu rəqəmin 2,4 milyona çatacağı gözlənilir. Həm də 15-29 yaş arası insanların ölüm səbəbləri içərisində yol qəzaları birinci yerdə dayanır”.
Mübariz Ağayev qeyd edib ki, Azərbaycan da bu qlobal prosesdən kənarda deyil::
"Təkcə cari ilin ilk 8 ayında ölkəmizdə 785 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 435 nəfər həyatını itirib, 661 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində bu göstəricilərin hər biri ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Lakin bu rəqəmlər sadəcə statistika deyil. Onların arxasında insan taleləri, ailələrin faciəsi dayanır. Xəsarət alanların çoxu isə ömür boyu bu travmanın nəticələrini daşımağa məcbur olur”.
DYP rəsmisi bildirib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması bu sahədə vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT-lər media subyektləri, könüllərlə birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi qarşımıza qoyulan ən vacib məsələlərdəndir:
"Bu gün burada müzakirə olunan layihə də bu əməkdaşlığın bariz nümunəsidir”.
Qeyd edək ki, “Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Pərvanə Fərhadqızı






