Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi üzvlərinin Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Proqram Meneceri Oana Udriște ilə görüşü olub.
QHT.az xəbər verir ki, görüş zamanı xanım Udrișteyə ölkəmizdə minaların yaratdığı problemlər, minatəmizləmə əməliyyatları, partlayıcı sursatlara dair maarifləndirmə və mina qurbanları barədə məlumat verilib. Bundan başqa təşkilatımızın əvvəlki illərdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumatlar verilmiş və hazırladığı hesabatlar təqdim edilib.
Avropa İttifaqının dünyada minatəmizləməyə göstərdiyi yardım müzakirə olunub, indiyədək Azərbaycana göstərilən yardıma görə təşəkkür edilib. Azərbaycandakı mina problemlərinin miqyası nəzərə alınaraq Avropa İttifaqının minaların yaratdığı problemlərin həll olunması üçün göstərilən dəstəyin artırılmasının vacibliyi qeyd olunub.
Xanım Oana Udrișteni maraqlandıran suallara ətraflı cavablar verilib. Görüşün sonunda o, ətraflı müzakirə və Azərbaycandakı minaların yaratdığı problemlərə dair vəziyyətin hərtərəfli izahı üçün Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin üzvlərinə təşəkkürünü bildirib.












