"Hər bir dövlətin həyata keçirdiyi daxili və xarici siyasətin uğurunun əsas şərtlərindən biri həmin siyasətə dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının, ictimaiyyət nümayəndələrinin, elm və media cameəsinin də dəstək verməsidir. Xüsusilə xarici siyasət, dövlətlərarası münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərində ictimai sektorun fəal iştirakı mühüm əhəmiyyət daşıyır".
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri QHT.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən işlər, türk dünyasının inteqrasiyasının daha da dərinləşdirilməsi istiqamətində atılan addımlar və həmin prosesə ictimai sektorun verdiyi dəstək xüsusi maraq doğurur: “Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan bu məsələdə də öz liderliyini qoruyur. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bizim ailəmiz türk dünyasıdır. Məhz bu strateji baxış əsasında Azərbaycan türk dünyasının birliyi və inteqrasiyası istiqamətində mühüm təşəbbüslərlə çıxış edir, tarixi layihələr həyata keçirir və konkret nəticələr əldə edir. Azərbaycanın Türk Dövlətləri Təşkilatının gücləndirilməsi və türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasət beynəlxalq müstəvidə də diqqətlə izlənilir”.
Onun fikrincə, Azərbaycanın liderliyinin digər mühüm göstəricisi dövlət siyasətinə ictimai sektorun vaxtında və hərtərəfli dəstək verməsidir: “Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ictimai sektor tərəfindən lazımi anda və hərtərəfli dəstək göstərilir. Bu, dövlətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın, qarşılıqlı etimadın və həmrəyliyin bariz nümunəsidir. Bu istiqamətdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti xüsusi vurğulanmalıdır. Agentliyin bir neçə il əvvəl başladığı mühüm proses – türk dünyası ölkələrinin QHT-ləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması – artıq real nəticələr verməkdədir. Azərbaycan-Türkiyə QHT əməkdaşlığı forumları ilə başlayan bu proses daha sonra Azərbaycan-Özbəkistan QHT əməkdaşlığı forumları ilə yeni mərhələyə qədəm qoydu. Sonrakı mərhələdə isə digər türk dövlətlərinin QHT-ləri ilə əməkdaşlığın genişləndirilməsi və vahid platformanın yaradılması istiqamətində mühüm nəticələr əldə edildi”.
Əməkdar jurnalistin sözlərinə görə, QHT forumlarını yalnız tədbir formatında qiymətləndirmək düzgün olmazdı. Çünki bu platformalarda konkret təşəbbüslər irəli sürülür, yeni əməkdaşlıq imkanları yaradılır və əldə olunan razılaşmalar real layihələrə çevrilir: “Mən Azərbaycan-Özbəkistan QHT əməkdaşlığı forumlarının hər ikisinin iştirakçısı olmuşam. Bu forumların sıradan tədbir kimi tarixə düşmədiyini xüsusi qeyd etmək istəyirəm. Forumlar çərçivəsində mühüm təşəbbüslər irəli sürüldü, ikitərəfli əlaqələr yaradıldı və konkret əməkdaşlıq mexanizmləri formalaşdı. Bu təşəbbüslərin dövlət səviyyəsində də dəstəklənməsi isə onların əhəmiyyətini daha da artırdı. Təsadüfi deyil ki, bu gün Azərbaycan və Özbəkistan QHT-lər üçün birgə qrant müsabiqəsi elan edən iki qardaş ölkədir. Müsabiqənin nəticələrinə əsasən Azərbaycandan qalib gələn layihələr Özbəkistanda, Özbəkistandan qalib gələn layihələr isə Azərbaycanda həyata keçiriləcək. Bu, sadəcə QHT əməkdaşlığı deyil, iki qardaş ölkənin vətəndaş cəmiyyəti səviyyəsində yeni və dayanıqlı əməkdaşlıq modelinin formalaşmasıdır”.
Nadir Azəri qeyd edib ki, bu cür təşəbbüslər həm Azərbaycan dövlətinin Türk dünyasının inteqrasiyası siyasətinə ictimai dəstəyin göstəricisidir, həm də Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.
“Azərbaycan-Özbəkistan QHT əməkdaşlığı çərçivəsində əldə olunan nəticələr dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının nə qədər mühüm nəticələr verə biləcəyini göstərir. Bu işlərin Azərbaycan dövləti və cənab Prezident İlham Əliyev tərəfindən də təqdirlə qarşılanması xüsusi əhəmiyyət daşıyır. Cənab Prezidentin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan-Özbəkistan QHT əməkdaşlığına xüsusi diqqət yetirməsi də bunun göstəricisidir”, – deyə o vurğulayıb.
Nadir Azəri hesab edir ki, əldə olunan nəticələr Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin QHT-ləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini göstərir: “Ortaq layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin artırılması və vahid əməkdaşlıq platformalarının yaradılması türk dünyasının inteqrasiyasına mühüm töhfə verə bilər. Bu gün artıq biz yalnız dövlətlərarası münasibətlərin inkişafından danışmamalıyıq. Türk dünyasının inteqrasiyası həm də xalqlar, vətəndaş cəmiyyəti institutları, QHT-lər, media və elm adamları arasında əlaqələrin möhkəmləndirilməsini tələb edir. Dövlətlərarası münasibətlərin möhkəm və davamlı olması üçün cəmiyyətlərarası əlaqələr də eyni səviyyədə inkişaf etməlidir. Azərbaycanın bu sahədə qazandığı təcrübə digər türk dövlətləri üçün də nümunə ola bilər. Ölkəmizin türk dövlətləri və türk dünyası ilə bağlı həyata keçirdiyi siyasətə ictimai sektordan konkret, ardıcıl və nəticəyönümlü dəstək göstərilir. Bu isə Türk dünyasının inteqrasiyasının yalnız siyasi və iqtisadi deyil, həm də ictimai əsaslarının möhkəmlənməsinə xidmət edir”.












