Mən, Ayaz Hüseynov (Ayaz Huseynov) - 1988-ci ilin sentyabr ayında Bakı şəhərində anadan olmuşam və ziyalı ailənin ilk övladıyam.
Valideynlərim Bakıda anadan olmuş, ikisidə Azərbaycan Dövlət Universitetini bitirmişlər.
Ata tərəfdən babam Əliabbas Hüseynov ömür boyu Bakıda neft buruqlarında işləmiş, əməkdar neftçi olmuşdur, ana tərəfdən babam isə Alxas Kişiyev Azərbaycanın tanınmış hüquqşünası, hüquq elmləri doktoru, hüquq elminə, Azərbaycan dövlətinin quruculuğunda böyük töhfələr vermişdir.
Mən anadangəlmə irsi xəstəlikdən, hemofiliyadan əziyyət çəkdiyimə baxmayaraq, valideynlərim məni cəmiyyətdən təcrid etməmək üçün uşaq baxçasında və məktəbdə təhsilim üçün bütün qüvəllərini səfərbər etmişlər və məktəbi əsasən 5 qiymətlərlə bitirdikdən sonra stomatoloji fakultəsini bitirmişəm.
Biliklərimi təkmilləşdirmək üçün Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin nəzdində olan Sankt Peterburq Hemofiliya Mərkəzinin stomatologiya şöbəsində ixtisaslaşma kursları keşmişəm.
9 yaşım olarkən, anam Gülnarə Hüseynovanın təsis etdiyi Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasında öz xəstəliyimlə mübarizə apardığıma görə 14 yaşımdan fəal könüllü kimi çalışmışam.
Hemofiliyalı yaşıdlarım üçün müxtəlif tədbirlər təşkil etmiş və onların valideynlərinə təsəlli verməklə onlarda özlərinə inam yaratmışdım.
17 yaşımda ilk dəfə olaraq, Bolqarıstanın Sofiya şəhərində keçirilən Hemofiliyaya dair Konfransa Avropa Hemofiliya Konsorsiumunun dəvətini almışdım.
Konfransda iştirakım məni hemofilya probleminin həlli yollarının axtarışına sövq etdi.
2005-ci ildə Azərbaycanda hemofiliyalı xəstələr haqqında ilk məlumat bazasını komputer sistemində yaratdım.
Stomatologiya ixtisası ilə bərabər ictimai fəallığımı nəzərə alıb, 22 yaşımda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru təyin edildim və 2016-cı ildən Assosiasiyanın sədr müavini vəzifəsinə seçildim.
Bundan sonra ölkədaxili böyük konfranslar, təlimlər təşkil edir və hemofiliyalı uşaqlar və gənclər üçün keçirilən düşərgələrdə maarifləndirici təlimlər keçirəm.
İctimai fəallığıma görə təcrübə mübadiləsi üçün dünyanın hemofiliya cəmiyyətləri və beynəlxalq təşkilatları tərəfindən müxtəlif ölkələrə dəvət alıram.
Rusiya, Türkiyə, Argentina, Fransa, İtaliya, Belçika, Norveç və sair ölkələrdə çıxışlarım ilə cənab Prezident İlham Əliyevin və 1-ci vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səhiyyədə apardığı sosial – humanitar siyasətini təbliğ edir və Azərbaycanı layiqincə təmsil edirəm.
Ən yadda qalan və hemofiliya sahəsində tarixə düşən əlamətdar tədbir Norveçin Stavanger şəhərində keçirilən çıxışım olmuşdur. Çıxışım 2018-ci ildə növbəti dünya səviyyəli mütəxəssislərin iştirakı ilə Beynəlxalq Konfransın Azərbaycan adından keçirilməsinə nail olmaq idi. Bu çox səviyyəli bir tədbir hesab olunur. Çünki Azərbaycan bayrağı altında dünyanın ən məhşur alimləri səhiyyədə elmi tərəqqi haqqında çıxışlar etdilər.
Hemofiliya və digər qanın laxtalanma xüsusiyyətinin pozuntuları ilə müşahidə olunan xəstəliklər sağalmazdır və buna görə düşündüm ki, ömür boyu sürən xəstəliklərə düçar olan vətəndaşların hüquqlarının müdafiəsi, onların maraqlarını təmsil etmək üçün hüquq təhsili almağıma ehtiyac var.
Ona görə babam Alxas Kişiyevin yolunu davam etmək üçün 2017-ci ildə Ukraynanın Xarkov şəhərində yerləşən Ukrayna Dövlət Daxili İşlər Nazirliyinin hüquq fakultəsinə daxil oldum.
Gənc omağıma baxmayaraq, Azərbaycanın digər ictimai birlikləri ilə gözəl işgüzar münasibətlər qurmuşam, onların etimadını qazanmışam. 2016-cı ildə ictimai əsasalarla Əlil Təşkilatları İttifaqının vitse-prezidenti vəzifəsinə, 2017-cı ildə ictimai əsaslarla Azərbaycan Milli QHT Forumunun Uşaq Hüquqları üzrə Mərkəzin rəhbəri təyin edilmişəm. Həmin ildə bir neçə ictimai birliklər birləşərək, Pasient Təşkilatları İttifaqını təsis edir və məni həmin İttifaqın prezidenti seçirlər.
2007 – ci ildə tələbə olarkən 19 yaşımda oxuduğum təhsil ocağında gələcək həyat yoldaşım, əslən Gəncə şəhərindən olan Mədinə ilə tanış olmuşam və 2008-ci ildə ailə qurmuşam.
2009-cu ildə oğlumuz Murad doğulub, 2 ildən sonra isə qızım Fidan dünyaya gəlib. Qardaşım, Əliabbas Hüseynov Sankt Peterburq şəhərində Rusiya Fedrasiyasının Dövlət Mülki Aviasiya Universitetinin menecment İnstitutunun məzunudur.
Gəncliyimdən ömrümün sonunadək Azərbaycanın çiçəklənməsində əlimdən gələni edəcəm və Ulu öndər Heydər Əliyev siyasətini dəstəkləyərək, cənab Prezident İlham Əliyev və Xanım Mehriban Əliyevanın sosial – humanitar siyasətinin möhkəmlənməsində öz töhfəmi verməyə hər zaman hazıram.












