Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisində (FCDO) aparılan struktur islahatları və işçi ixtisarları ilə bağlı mübahisələr yenidən tətil aksiyalarına səbəb ola bilər. Bu vəziyyət ölkənin beynəlxalq inkişaf sahəsindəki fəaliyyətinə də təsir göstərə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, Dövlət və Kommersiya Xidmətləri Həmkarlar İttifaqı (PCS) rəhbərliyin məcburi ixtisarlardan imtina etməyəcəyi təqdirdə yeni tətil aksiyalarına başlayacaqları barədə xəbərdarlıq edib. İttifaqın məlumatına görə, sentyabrın 28-dən sonra tətil aksiyaları dayandırılıb, lakin tərəflər arasında etimad tamamilə itib.

FCDO2030 adlı islahat proqramı çərçivəsində 2025–2029-cu illər ərzində qurumun işçi sayının 15–25 faiz azaldılması nəzərdə tutulur. PCS-in məlumatına görə, ötən il 1 885 nəfərin ixtisar edilməsi planlaşdırılıb. Bununla yanaşı, Böyük Britaniyanın beynəlxalq yardım büdcəsinin azaldılması fonunda FCDO-nun ümumi xərclərinin 2028–2029-cu ilədək hər il orta hesabla 8,3 faiz azalacağı proqnozlaşdırılır.