Minalar Əleyhinə Azərbaycan Kampaniyası (MƏAK) tərəfindən Azərbaycanın minalarla ən çox çirklənmiş rayonlarından biri olan Ağdam rayonunda “İnvest in Action” layihəsi çərçivəsində ““Minalar və kasetli silahların qurbanlarının maarifləndirilməsi və onların potensialından istifadə edilməsi” adlı maarifləndirici seminar uğurla həyata keçirilib.
QHT.az xəbər verir ki, xüsusi olaraq qeyd edirik ki, Ermənistanın Azərbaycana təqdim etdiyi minalara dair xəritələrdə Ermənistanın işğal dövründə bu bölgəyə 97 min mina yerləşdirdiyi göstərilir.
Maarifləndirici seminarın məqsədi ölkədə və dünyada minalar və kasetli silahlara qarşı aparılan tədbirlər haqqında minalar və kasetli silahlardan zərər çəkmiş şəxsləri məlumatlandırmaq və onları sosial şəbəkələr vasitəsilə maarifləndirmədə fəal iştiraka çağırmaq olub.
MƏAK tərəfindən tərcümə edilmiş və çap olunmuş Birləşmiş Millətlər Təşkilatının “Piyada əleyhinə minaların istifadəsinin, ehtiyatının yığılmasının, istehsalının və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında”, “Kasetli silahlara dair” və “Əlilliyi olan şəslərin hüquqlarına dair” Konvensiyalar, MƏAK-nın hazırladığı “ Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtma hüququndan istifadə etməsinə ən ciddi maneə minalardır” , “Azərbaycanda mina və partlamamış hərbi sursatlar problemi, mina və partlamamış hərbi sursatların zərərçəkmişlərə və icmalara təsiri” və “Azərbaycan Respublikasında kasetli silahlar probleminin tədqiqi” adlı hesabatları tədbir iştirakçılarına təqdim olunub. Seminarın sonunda sual-cavab sessiyası keçirilib və bütün suallar ətraflı cavablandırılıb.
Tədbirdə ANAMA yanında İctimai Şuranın iki üzvü iştirak edirdi.
Seminar iştirakçıları bu tədbirin donoru olan Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniya - Kasetli silahlara qarşı Koalisiya təşkilatına minnətdarlıqlarını bildirib, belə tədbirlərin digər bölgələrdə də keçirilməsinin ümumi işə fayda verəcəyinə inandıqlarını bildirdilər.






