Baku TV-yə açıqlama verən “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimov bildirib ki, yeni icra başçılarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi idarəetmədə müasir yanaşmaların tətbiqini zəruri edir.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu gün idarəetmə modelləri biznesdəki “müştəri məmnuniyyəti” prinsipinə bənzəyir və vəzifəli şəxslər – xüsusən də əhali ilə birbaşa ünsiyyətdə olan məmurlar – Prezident İlham Əliyevin vurğuladığı kimi, özlərini xalqın xidmətçisi kimi görməlidirlər. Politoloq qeyd edib ki, bu, sadəcə obrazlı ifadə deyil, inzibati idarəetmə baxımından da məmurun davranış və qərarlarında insan mərkəzliliyini tələb edən fundamental prinsipdir.
Zaur İbrahimov əlavə edib ki, icra hakimiyyətləri özlərini “yerli qubernator” kimi deyil, Prezident komandasının ümumi siyasətini həyata keçirən bir üzv kimi qəbul etməlidir:
“Azərbaycanın keçdiyi çətin tarix, müharibələr, qaçqın və məcburi köçkün problemi, xarici müdaxilələr idarəetmədə bir çox məhdudiyyətlər yaradıb. Bu səbəbdən kadr islahatlarının birdən-birə total şəkildə aparılması nə real idi, nə də təhlükəsizlik baxımından doğru olardı”.
Politoloq vurğulayıb ki, ölkədə təxminən 27 min dövlət qulluqçusu fəaliyyət göstərir və birdən-birə kütləvi şəkildə kadr dəyişikliyi aparmaq da mümkünsüzdür:
“Birincisi, bu qədər yüksək keyfiyyətli kadr eyni anda tapıla bilməz. İkincisi, digər ölkələrin təcrübəsi göstərib ki, radikal və kütləvi kadr dəyişiklikləri çoxtəbəqəli çevrilişlərə və siyasi qeyri-sabitliyə gətirə bilər. MDB və region ölkələrində xarici təsirlər də uzun illər ərzində kadr siyasətində müəyyən kompromisləri zəruri edib. Gürcüstan və Baltikyanı ölkələri nümunəsində kadrların xarici dairələrə bağlılığının yoxlanılması prosesi ciddi geosiyasi gərginliklər yaradır. Azərbaycan da bu sahədə ən cəsarətli kadr addımlarını yalnız 2020-ci il Zəfərindən sonra, yəni ərazi bütövlüyünü bərpa etdikdən sonra ata bilib".
Zaur İbrahimov hesab edir ki, Azərbaycanın yeni inkişaf mərhələsi həm də yeni idarəetmə modeli və yeni məmur davranışı tələb edir və Prezidentin son çıxışları bu siyasətin ideoloji əsasını formalaşdırır.
Pərvanə Fərhadqızı






