"Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin 2025-ci ili Konstitusiya və Suverenlik İli elan etməsi ölkənin ərazi bütövlüyünün tam bərpası və dövlət suverenliyinin hərtərəfli təmin olunması ilə üst-üstə düşür".

QHT.az xəbər verir ki, bu barədə məlumatı pakistanlı siyasi ekspert Qeyser Nəvvab bildirib. O qeyd edir ki, bu qərar təkcə siyasi bəyanat deyil, Azərbaycan dövlətçiliyinin əsas dayaqlarını – Konstitusiya və Suverenliyi – milli birlik konsepsiyasında birləşdirən strateji proqramdır:

"Azərbaycanın 2023-cü ildə tam suverenliyini bərpa etməsi beynəlxalq hüququn qəti zəfəri kimi qiymətləndirilir. Otuz ilə yaxın davam edən qanunsuz işğal, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması və nəticəsiz diplomatik cəhdlər ölkəni zəruri və qanuni antiterror tədbirləri həyata keçirməyə məcbur edib. Bu addım suveren dövlətin ərazi bütövlüyünü danışıqlar yolu ilə qeyri-müəyyən müddətə təxirə salmağın mümkün olmadığını açıq şəkildə təsdiqləyib".

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli və strateji rəhbərliyi Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünün sistemli şəkildə formalaşmasına və suverenliyin beynəlxalq hüquqa uyğun bərpasına imkan yaratdı:

"Bu proses, dövlətin öz konstitusiya quruluşunu qorumaq hüququnun təsdiqi kimi həm Azərbaycan, həm də beynəlxalq hüquq sistemi üçün əhəmiyyətli qələbə sayılır. Konstitusiya İlində isə azad edilmiş ərazilərin yenidən qurulması, “Böyük Qayıdış”, “Ağıllı Kənd” və “Ağıllı Şəhər” layihələri ölkənin vahid hüquqi məkanını və sosial ədalət prinsipini gücləndirən əsas istiqamətlər kimi ön plana çıxır".

 

Pərvanə Fərhadqızı