Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Yuvenal Ədliyyə Mərkəzinin əməkdaşları üçün təlim kursu təşkil edib.

Birlikdən QHT.az-a verilən məlumata görə, kurs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyə yardımı və Unicef Azerbaijan ofisinin dəstəyi ilə təşkil olunub. Bu “Uşaqlara Qarşı Zorakılığın Qarşısının Alınması və Cavab Tədbirlərinin Görülməsi üçün Milli Sistemlərin Gücləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilir. Məqsəd “Yuvenal probasiya sistemi və penitensiar xidmətdə sosial-psixoloji işin təşkili” proqramının regionlarda xidmətinin genişləndirilməsidir.

Yuvenal Ədliyyə Mərkəzi Gəncə şəhərində yeni yaradılıb və iyun ayından fəaliyyətə başlayıb.

Təlimin məqsədi yeni mərkəzdə çalışan əməkdaşları sahə üzrə məlumatlanma, təlimatlanma və fəaliyyətin nəzəri-praktik hissəsi ilə tanış etməklə yanaşı, yerli əməkdaşlığın qurulmasına dəstək və iş prosesində keysləri müzakirə etməklə birgə həlli yollarının müəyyən edilməsidir.

Bakı şəhərində fəaliyyət göstərən Yuvenal Ədliyyə Mərkəzinin təlimçi-əməkdaşları tərəfindən ilkin mərhələdə fəaliyyət planına uyğun olaraq 3,4,5 iyul 2023 -cü il tarixində Gəncə regional yuvenal mərkəzdə Penitensiar Xidmət, istintaq təcridxanası, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək probasiya nəzarətinə verilmiş, həmçinin, riskli davranışa meyilli yetkinlik yaşına çatmayan uşaqlarla sosial-psixoloji reabilitasiya işi və pulsuz hüquqi yardımın göstərilməsi təcrübəsi ilə bölüşülüb. 

Qeyd edək ki, Gəncə şəhərində yaradılan mərkəzin fəaliyyəti SOS Uşaq Kəndləri Assosiasiyası təşkilatı tərəfindən icra ediləcək. 

Təlimin yüksək səviyyədə təşkilində lazımi şəraitin yaradılması, mərkəzə cəlb edilən kadrların təlimlərə həvəs və məsuliyyətli yanaşmasına görə Ümidli Gələcək STİB adından SOS uşaq kəndləri təşkilatına təşəkkür bildirilib.

İnanırıq ki, təlimlər və peşəkar kadr potensialının təşkili mərkəzin fəaliyyətinə müsbət təsir etməklə yetkinlik yaşına çatmayanların sağlam inkişaf etməsinə səbəb olacaqdır.

 

Pərvanə Fərhadqızı