12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü xalqımızın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını formalaşdıran, demokratik inkişafın, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təminatına xidmət edən fundamental sənəddir.

Bu tarixi sənədin hazırlanması və qəbul edilməsi müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyasının mühüm nəticələrindən biri olmuşdur. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyulmuşdur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dövlətçiliyimizin gücünü və milli birliyimizin sarsılmazlığını bir daha nümayiş etdirir.

Biz yaxşı dərk etməliyik ki, Konstitusiya yalnız hüquqi normaları özündə əks etdirən sənəd deyil. O, dövlətlə vətəndaş arasında münasibətlərin əsasını müəyyənləşdirən, hər birimizin hüquq və vəzifələrini təsbit edən, müstəqilliyimizin və milli birliyimizin hüquqi təminatıdır.

Xüsusilə gənc nəslin Konstitusiyamızı dərindən öyrənməsi, hüquqi düşüncəyə, vətəndaş məsuliyyətinə və dövlətçilik şüuruna yiyələnməsi mühüm əhəmiyyət daşıyır. Çünki güclü dövlətin gələcəyi hüquqlarını bilən, vəzifələrini dərk edən, Vətəninə və dövlətinə sədaqətlə xidmət edən vətəndaşlardan asılıdır.

Mənim üçün dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin qorunması hər zaman müqəddəs vəzifə olmuşdur. Vətən uğrunda mübarizənin ən böyük mənası məhz müstəqil dövlətimizin əbədi yaşaması, gələcək nəsillərə daha güclü və qüdrətli Azərbaycan miras qoyulmasıdır.

İnanıram ki, Azərbaycan xalqı bundan sonra da milli həmrəyliyini, dövlətinə sədaqətini və Konstitusiyaya hörmətini qoruyaraq daha böyük uğurlara imza atacaqdır.

12 Noyabr – Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycanımızın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi və Konstitusiya dəyərlərinin daim qorunması naminə hər kəsə uğurlar arzulayıram!

Konstitusiyamız dövlətçiliyimizin hüquqi dayağı, müstəqilliyimiz milli qürurumuz, Azərbaycan isə hər birimizin müqəddəs Vətənidir!

Hörmətlə,

Aysunay Həsənova

Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) prezidenti.