Bu gün Dövlət- Özəl Sektor-QHT Əməkdaşlığı Platforması tərəfindən keçirilən "Qadınların Milli Biznes Gündəliyinin İctimai vəkilliyi: sahibkar və işçi qüvvəsində olan qadınların dəstəklənməsi" mövzusunda tədbir keçirilib.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov QHT.az-a açıqlama verib. O, qeyd edib ki, bu tədbiri “Gənc Mühasiblər” İctimai Birliyi dövlət qurumları ilə bir yerdə keçirdi: “Tədbirdə İqtisadiyyat Nazirliyinin əməkdaşları da iştirak edirdi. Əsas məsələ evdə qalan valideyinlərə verilən müavinətin, uşağa qulluq üçün dəstək xərclərinin uyğunlaşdırılması, analara ödənilən müavinətin həddinin aradan qaldırılması, eyni zamanda gələcək analara hamiləliyə və doğuşa görə ödənişlili məzuniyyətin necə bölünməsi qərarının verilməsi, distant iş siyahısının qəbulu, vəzifə öhdəliklərinin yerinə yetirilməsi, tənha analara dəstək verilməsi siyasəti idi. Bu məsələlər müzakirə olundu. Gələcəkdə bu məsələlər tənzimlənəcək”.
Fariz Əkbərov həmçinin qeyd edib ki, tədbirdə kiçik biznes üçün gəlir (mənfəət) vergiləri ilə bağlı güzəştlərin tətbiqi məsələsinə də toxunulub: “Gələcəkdə daha çox qadınların sahibkarlığa cəlb olunması məsələsi də müzakirə olundu. Bunlar gələcəkdə nəzərə alınmalıdır”.
Pərvanə Fərhadqızı












