Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin icra etdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində təşkil olunan Dəyirmi Masada Milli Məclisin deputatı Razi Nurullayev çıxış edib.

Deputat kasetli bombalar və minaların yaratdığı təhlükələrə və bu silahların qadağan olunmasının zəruriliyinə diqqət çəkib. O, çıxışında vurğulayıb ki, kasetli bombalar bəzi böyük dövlətlər tərəfindən istehsal olunur və bu silahlar minlərlə insanın sağlamlığını və həyatını təhlükə altına salır. Deputat məsələnin beynəlxalq hüquq çərçivəsində daha ciddi şəkildə tənzimlənməsinin və bu növ silahların dünya ölkələri tərəfindən qadağan edilməsinin vacibliyini bildirib:

“Bu gün kasetli bombalar bəzi böyük güclər tərəfindən istehsal olunur. Kasetli bombalar və minalar bütün dünya ölkələri tərəfindən qadağan olunmalıdır. Bu silahlar nəticəsində minlərlə insanın həyatı və sağlamlığı məhv edilir. Mən hesab edirəm ki, bu məsələlərin araşdırılması vacibdir; bu ədalətsizlik bütün dünyada, o cümlədən Çin, Rusiya, Pakistan, Hindistan və Cənubi Koreyada da mövcuddur — həmin ölkələr bu silahları istehsal edirlər. Bir neçə gün öncə Azərbaycanın tanınmış kəşfiyyatçısı Səyyad Əhmədov Ağdam rayonunun Mirəşelli kəndində mina partlayışı nəticəsində həlak olub. O, I Qarabağ müharibəsində iştirak etmiş və II Qarabağ müharibəsində könüllü olmuş bir şəxs idi. Onun taleyi böyük faciədir. Buna görə də minalar və kasetli bombalar dünya üzrə qadağan olunmalıdır. Ümid edirəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh bəyannaməsi və sülh müqaviləsi imzalandıqdan sonra bu məsələlər müvafiq konvensiyalar çərçivəsində həll ediləcək. Allah xalqımızı və bütün insanları bu cür fəlakətlərdən qorusun.”

Deputat həmçinin ölkədə və regionda minalanma probleminin insan ölümlərinə, əlilliyə və uzunmüddətli sosial-psixoloji zərərlərə yol açdığını, bu səbəbdən də beynəlxalq səviyyədə daha fəal addımlar atılmasının zəruri olduğunu qeyd edib.

 

 

Pərvanə Fərhadqızı

QHT.az