Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, İqtisad elmləri doktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında əmək bazarındakı vəziyyət və aktiv məşğulluq siyasətinin əhəmiyyəti barədə danışıb.
Professor bildirib ki, əmək bazarında yaranmış vəziyyət iqtisadiyyatın strukturu və istehlak bazarındakı tələb və təkliflə birbaşa bağlıdır:
“Azərbaycanda əmək bazarında daha çox tələb xidmət sektorunda, ticarət sahələrində, ictimai iaşə və çatdırılma ilə bağlı istiqamətlərdə müşahidə olunur. Bu, istehlak bazarındakı struktura bağlıdır.”
O əlavə edib ki, ölkədə həyata keçirilən aktiv məşğulluq siyasətinin əsas məqsədi vətəndaşların əmək bazarına inteqrasiyasını təmin etməklə onların sosial müdafiəsini gücləndirməkdir:
“Aktiv məşğulluq siyasəti öz müsbət nəticələrini göstərir və ardıcıl şəkildə davam etdirilməlidir. Daha sistemli və kompleks sosial müdafiə sistemi üçün məşğulluq tədbirlərinin bu siyasət çərçivəsində həyata keçirilməsi böyük önəm kəsb edir. Son illərdə ölkədə məşğulluq siyasəti xüsusilə aktiv məşğulluğa yönəldilib və bu istiqamət davamlı şəkildə dəstəklənməlidir.”
E.Məmmədovun fikrincə, aktiv məşğulluq strategiyası sosial müdafiənin gücləndirilməsi və iqtisadi inkişafın dayanıqlı olması üçün həlledici rol oynayır.
Pərvanə Fərhadqızı
QHT.az






