"Ümidli Gələcək" Gənclər İctimai Birliyi çətin həyat vəziyyətində olan uşaqlar, qadınlar və ailələr üçün uzunmüddətli, sistemli dəstək göstərir.
QHT.az xəbər verir ki, bu barədə "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova bildirib. Onun sözlərinə görə, təşkilat yalnız ünvanlı yardımla kifayətlənmir, eyni zamanda hüquqi, psixoloji dəstək, təhsil təşəbbüsləri, məşğulluq proqramları və cəmiyyətə inteqrasiyanı təmin edir:
"Qaynar xətlər vasitəsilə zorakılıq qurbanlarına və böhran vəziyyətində olan uşaqlara gecə-gündüz yardım göstərilir. Məqsəd yalnız problemi həll etmək deyil, insanların gələcəyə inamla baxdığı, sabit və etibarlı mühit yaratmaqdır. Təşkilat dövlət qurumları ilə əməkdaşlıq edir, rəqəmsal alətlərdən istifadə edir və sosial cəhətdən həssas qrupları maarifləndirərək, onların həyat şəraitini davamlı olaraq yaxşılaşdırır. Həmçinin gənclər üçün yaradıcı təlim və kurslar təşkil etməklə sosial və peşə bacarıqlarının inkişafına dəstək olur".
QHT sədri həmçinin bildirib ki, təşkilat çərçivəsində iki 24/7 fəaliyyət göstərən “qaynar xətt” mövcuddur – Uşaq və Qadın Qaynar xətti. Xidmət Azərbaycanın bütün bölgələri üçün əlçatandır və dəstəyə ehtiyacı olanlarla kömək göstərməyə hazır xidmətlər arasında əsl körpü rolunu oynayır:
"Yeni tədris ilinin başlanğıcı ilə uşaqlar tətil günlərindən sonra məktəbə qayıdırlar və bir çoxu üçün bu dövr xüsusi adaptasiya tələb edir. Çox vacibdir ki, heç bir uşaq diqqətdən və dəstəkdən kənarda qalmasın. Məhz indi uşaqlara, valideynlərə və müəllimlərə Uşaq Qaynar Xəttini bir daha xatırlatmaq olduqca önəmlidir. Bu xətt çətin şəraitdə yaşayan uşaqların problemlərinə operativ reaksiya verməyə və onların həllinə imkan yaradır. Çox vacibdir ki, heç bir uşaq diqqətdən və dəstəkdən kənarda qalmasın. Bu xətt çətin şəraitdə yaşayan uşaqların problemlərinə operativ reaksiya verməyə və onların həllinə imkan yaradır".
Qeyd edək ki, Uşaq Qaynar Xətti 116111 fəaliyyət göstərir və uşaqlara, valideynlərə, müəllimlərə təhsillə, ünsiyyətlə və təhlükəsizliklə bağlı uşaqların çətinliklərinin həllində kömək edir. Hər bir uşaq qayğını və müdafiəni hiss etsin.
Pərvanə Fərhadqızı






