Milli Məclisin deputatı Vüqar İsgəndərov 2026-cı ilin dövlət büdcəsində qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulan vəsaitlə bağlı QHT.az-a açıqlama verib.

Deputat bildirib ki, gələn ilin büdcə layihəsində QHT-lərin dəstəklənməsi üçün ayrılan məbləğ əhəmiyyətli dərəcədə artırılıb:

“2026-cı ilin dövlət büdcəsində qeyri hökumət təşkilatları üçün 10 400 000 manat vəsait ayrılması nəzərdə tutulur və qanun layihəsi hal-hazırda Milli Məclisin komitələrində müzakirə edir və ümid edirik ki, bu məsələlər plenar iclasda üç oxunuşda keçəcək, dəstəklənəcək və qanun qüvvəyə minəcək. Və ondan sonra da təbii ki, qeyri hökumət təşkilatları vətəndaş cəmiyyətinin hərtərəfli inkişafı üçün bunun bir töhfə olduğu hamımıza, bütün cəmiyyətə də bəlli olacaq.”

Vüqar İsgəndərov qeyd edib ki, artım kifayət qədər əhəmiyyətlidir, bu vəsait 2025-ci illə müqayisədə 32 faiz artıq artım deməkdir. Deputatın sözlərinə görə, bu artım QHT-lərin layihələrinin təşkilatlanması, mühüm tədbirlərin hazırlanması və icrası üçün əlavə dəstək rolunu oynayacaq:

“Bu və ya digər formada vətəndaş cəmiyyətinin dövlət tərəfindən olan layihələrinin təşkilatlanmasını, çox vacib tədbirlərin işləyib hazırlanmasına əlavə dəstək olacaq və ümumiyyətlə vətəndaş cəmiyyətinin inkişafı üçün bir stimul rolunu oynayacaq. QHT-lərə verilən dəstək mexanizmləri şəffaf və müsabiqə əsaslı şəkildə həyata keçirilir. Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi layihələri elan edir. Bu qrant layihələrinin müsabiqəsinə qalib olan təşkilatlar udurlar və sonra onun layihənin icrasına başlayırlar. Təbii ki, orada həmişə mövzular elan olunur və bu mövzular dövlətimizin bağlı prioritet məsələlərlə bağlı, beynəlxalq müstəvidə ölkəmizin haqq səsinin eşidilməsi ilə bağlı, beynəlxalq miqyasda ölkəmizin tanıdılması ilə bağlı, nüfuzun artırılması ilə bağlı və yerlərdə - yalnız Bakı şəhərində yox, bölgələrdə, kəndlərdə icmalarla bağlı olan məsələlərdə çalışan layihələri əhatə edir.”

Deputat vurğulayıb ki, vətəndaş cəmiyyətinin inkişafı demokratik dövlət quruculuğunun ayrılmaz hissəsidir:

“Bir dövlətin demokratik şəkildə inkişaf etdirilməsi, onun fikir azadlığı, plüralizm və demokratik institutların inkişafı vətəndaş cəmiyyətinin həmin ölkədəki mövqeyi və inkişafından çox asılıdır və bu gün müasir Azərbaycanda dövlət vətəndaş cəmiyyətinin inkişafında maraqlı olduğunu həmişə göstərib. Cəmiyyət bu istiqamətdə inkişaf edir. Biz deputatlar olaraq da il ərzində kifayət qədər çoxlu tədbirlərdə iştirak edirik. Vətəndaş cəmiyyəti institutlarının təşkil etdiyi aktual mövzulara həsr olunan tədbirlərdə iştirak etdikdə görürük ki, cəmiyyət bu sahədə inkişaf yolundadır.”

Deputat dünya proseslərinin QHT-lərin rolunu daha da artırdığını qeyd edib:

“Hal-hazırda dünyada baş verən hadisələr - siyasi yox, sosial-ictimai məsələlər, onların transformasiya prosesi, qloballaşmadan yaranan problemlər və onların həlli yolları - vətəndaş cəmiyyətinin qarşıda duran aktual məsələlərdə rolunu artırır. Dövlətin dəstəyi QHT-lərin xarici maliyyə asılılığını da azaldır. Ölkəmizdə dövlətin bu sahəyə dəstək verməsi, həm də QHT-lərimizin xaricdən artıq maliyyə asılılığından azad olması, özlərinin ideyalarını layihə formasında hazırlayıb həyata keçirməsi üçün çox yaxşı platformadır.”

Sonda Vüqar İsgəndərov bildirib ki, aparılan islahatlar vətəndaş cəmiyyətinin formalaşmasına mühüm təsir göstərir:

“Mən əmin olduğumu bildirirəm ki, son illərdə təqdim edilən islahatlar paketi vətəndaş cəmiyyətinin təşəkkül tapmasında və inkişaf etdirilməsində öz önəmli rolunu oynayır.”