27 ildir ki, Suraxanı rayonu Əmircan qəsəbəsində hər gün yolun kənarında dayanaraq piyadaların, xüsusilə də məktəblilərin təhlükəsizliyini təmin edən Xalid müəllim, sakinlərin dilində “canlı işıqfor” kimi tanınır.

Səhər tezdən gün batana qədər yolda xidmət aparan bu fədakar insanın sadəcə bir jesti — əlindəki qırmızı zolaqlı çubuğu qaldırması — avtomobillərin eyni anda dayanması üçün kifayətdir. Onun sayəsində uşaqlar, valideynlər və qəsəbə sakinləri özlərini daha təhlükəsiz hiss edirlər.

Bu gün biz – “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi olaraq, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyimiz “Səssiz ünsiyyət: Təhlükəsiz hərəkət” adlı layihənin davamlılığı məqsədilə “canlı işıqfor” Xalid Musayev və onun tələbələri ilə görüşdük.

Məktəblilərə layihəmiz haqqında məlumat verərək, layihə çərçivəsində hazırladığımız maarifləndirici bukletləri onlara təqdim etdik. Xalid müəllim isə bizi öz iş şəraiti ilə, eləcə də illər ərzində topladığı maraqlı eksponatların yer aldığı kiçik, lakin mənalı muzeyi ilə tanış etdi.

Bu sadə, amma böyük ürəkli insanın gördüyü işlər bir daha göstərir ki, məsuliyyət və insan sevgisi ilə edilən hər bir əməl cəmiyyət üçün dəyər yaradır.

Biz Xalid müəllimə bu nəcib və məsuliyyətli fəaliyyətində uğurlar arzulayırıq. Ümid edirik ki, onun fəaliyyəti daha geniş imkanlara, daha böyük bir məkana sahib olar və bu nümunəvi iş modeli digər bölgələrdə də tətbiq edilər.

 

 

Cəmilə Çingizqızı

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri