SES TV-də “Milli-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu” mövzusunda veriliş yayımlanıb. Veriliş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində baş tutub.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən İctimai Birliyin sədri Könül Quliyeva bildirib ki, layihənin əsas məqsədi gənc nəsildə milli və mənəvi dəyərlərin formalaşmasına, ailə və məktəb mühitində bu dəyərlərin təbliğinə töhfə verməkdir:

“Müasir dövrdə sağlam düşüncəli gənclərin yetişməsi üçün ailə, məktəb və ictimai institutların üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, gənclərin milli ruhda böyüməsində əsas rol ailə və məktəbə məxsusdur. Ədalət, humanizm, böyüklərə hörmət, əməksevərlik kimi dəyərlərin əsası məhz ailədə qoyulur.”

Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev isə layihənin əhəmiyyətindən danışaraq onun maarifçilik baxımından böyük önəm daşıdığını qeyd edib:

“Layihədə səslənən fikirlər broşura şəklində çap olunaraq məktəblərə, şagird və valideynlərə paylanmalıdır. Burada alimlərin, pedaqoqların və psixoloqların fikirlərinin toplanması vacibdir. Təhsilin əsas məqsədi şəxsiyyət və vətəndaş yetişdirməkdir. Dəyərlər şəxsiyyət formalaşdırır, bu isə insanın tənqidi təfəkkürə malik vətəndaş kimi yetişməsinə səbəb olur. Nəyə qiymət verirsənsə, o sənin dəyərindir – dəyərli insan, dəyərli əsgər, dəyərli dost anlayışları məhz mənəvi ucalığın göstəricisidir.”

“Sabaha Ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri Nərminə Cəfərova çıxışında ailə və məktəbin qarşılıqlı roluna toxunub:

“Ailənin yaratdığı dəyərləri məktəb formalaşdırır və sistemləşdirir. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, ailə Azərbaycan xalqının mənəvi dayağıdır. Dəyərlərin kökü ailədə qoyulur və onu qorumaq asan deyil. Əgər bu istiqamətdə boşluqlar yaranarsa, milli kimliyimiz və mənəviyyatımız zərər görə bilər.”

Nərminə Cəfərova həmçinin qeyd edib ki, müasir dövrdə dəyərlərin təhrif olunması sosial təsirlər və mediada yayılan subliminal mesajlarla əlaqədardır:

“Bu, sosial kodlaşdırma adlanır. Cəmiyyət bu təsirlərə qarşı sosial immunitet formalaşdırmalıdır. Əks halda dəyərlər sistemi dəyişdirilərək insanların şüuruna fərqli dəyərlər yeridilə bilər.”

Verilişin sonunda qonaqlar milli-mənəvi dəyərlərin qorunmasının, ailə və məktəbin birgə fəaliyyətinin cəmiyyətin gələcəyi üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıblar.

 

Pərvanə Fərhadqızı