Ümumdünya Humanitar Yardım Gününün təsis edilməsi 2003-cü il avqustun 19-da BMT-nin İraqın paytaxtı Bağdaddakı qərargah-mənzilində törədilmiş partlayış nəticəsində yardım işçilərinin həlak olması ilə bağlıdır. 11 dekabr 2008-ci ildə BMT-nin Baş Assambleyasının qətnaməsi ilə elan edilmiş Ümumdünya Humanitar Yardım Gününün məqsədi insanların həyatını xilas etmək üçün çalışan və bu nəcib məqsəd uğrunda həyatını itirən humanitar yardım işçilərinin xatirəsini yad etməkdir.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Ümumdünya Humanitar Yardım Günü ilə bağlı QHT.az-a açıqlama verib. Onun sözlərinə görə, Azərbaycan QHT-ləri son illərdə fəaliyyətlərini xeyli gücləndirib və daha məqsədyönlü şəkildə fəaliyyət göstərirlər:

"Bu gün Azərbaycan QHT-ləri əvvəlki illərə nisbətən xeyli təşəkkülləşib, möhkəmlənib, fəaliyyətləri daha şəffaf və məqsədyönlüdür. Onlar ölkəmizin ictimai həyatında, ictimai nəzarətində önəmli rol oynayırlar. Sosial yönümlü bir çox QHT-lər hətta öz imkanları hesabına humanitar yardımlar göstərir, bəzi təşkilatlar isə bu yardımları müxtəlif mənbələrdən cəlb edərək, xüsusilə sosial həssas təbəqələrə, o cümlədən şəhid ailələrinə dəstək olur".

Ekspert QHT-lərin maliyyələşməsi məsələsinə də toxunaraq qeyd edib ki, bu sahə əsasən dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir:

"Azərbaycanda QHT sektorunun maliyyələşməsi daha çox dövlət qurumlarından asılıdır. Təəssüf ki, özəl sektorun ianələri aşağı səviyyədədir. QHT-lərin humanitar yardım və sosial fəaliyyətində böyük imkanları, təcrübələri var. Bu baxımdan özəl sektor və QHT əməkdaşlığının gücləndirilməsi cəmiyyətimizə və ictimaiyyətə böyük fayda verə bilər."

 

Pərvanə Fərhadqızı

QHT.az