ITV-nin “Sabaha saxlamayaq” verilişində Yeni ilin ilk günündə Azəriqazın minlərlə abonentinin qazsız qalması məsələsi gündəmə gətirilib. Verilişdə əhalinin üzləşdiyi problemlər və mümkün çıxış yolları müzakirə edilib.

QHT.az xəbər verir ki, müzakirələrdə Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli çıxış edərək bildirib ki, Yeni il gecəsi baş verən hadisə Azərbaycan vətəndaşları üçün ciddi narahatlıq və şok yaradıb. Onun sözlərinə görə, smart qaz sistemində kartlara vəsait yüklənməsi zamanı baş verən texniki nasazlıq faktiki olaraq fövqəladə hal kimi qiymətləndirilməlidir.

İlqar Hüseynli vurğulayıb ki, Azəriqaz yaranmış böhrana operativ reaksiya verə bilməyib və problemin dərhal aradan qaldırılması mümkün olmayıb. O, həmçinin qeyd edib ki, əgər smart sistemdə limitdən limitə keçid zamanı bu cür problemlər yaşanırsa, deməli, test yoxlamaları lazımi səviyyədə aparılmayıb:

"Oxşar hallar hər il tarif dəyişiklikləri və yeni qiymətlərə keçid dövrlərində də müşahidə olunur. Vətəndaşları əsasən texniki səbəblər deyil, təchizatın davamlılığı və təminat məsələsi narahat edir. Efirə çıxmazdan əvvəl Azəriqazın rəsmi internet səhifəsində qurumun missiyası və hədəfləri ilə tanış oldum, sənəddə əhalinin daimi qaz təchizatı ilə təmin olunması əsas məqsəd kimi göstərilib. Yeni texnologiyaların tətbiqi və çevik sistemlərin qurulması barədə bəyanatlara baxmayaraq, real vəziyyət bu vədlərlə üst-üstə düşmür və baş verən hadisə ciddi sistemli problemlərin mövcudluğunu ortaya qoyur".

Pərvanə Fərhadqızı