“Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov QHT.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü BMT Nizamnaməsinin 2.4-cü maddəsinin pozulmasıdır və bu beynəlxalq hüquqla müəyyən edilmiş ən ağır cinayət hesab olunur.
Onun sözlərinə görə, bir dövlətin digər dövlətin müstəqil suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı hərbi gücdən istifadə etməsi beynəlxalq hüquqa ziddir. Hazırda Ermənistanın davranışları da məhz həmin maddənin tələblərinə uyğun olaraq təcavüzkar dövlətə dəstək kimi qiymətləndirilir:
“Bu BMT-nin Beynəlxalq Hüquq Komissiyasının dövlətlərin məsuliyyəti haqqında sənədinin 16-cı maddəsinin birbaşa pozulmasıdır. Həmin maddəyə əsasən, təcavüzkar ölkəyə birbaşa və ya dolayı dəstək göstərən dövlət beynəlxalq sanksiyalarla üzləşir və hüquqi-siyasi məsuliyyət daşıyır. BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təcavüzünü dəfələrlə pisləyib. Bu qətnamələrdən biri 12 oktyabr 2002-ci ildə, digəri 2005-ci ildə, ən sonuncusu isə 24 fevral 2025-ci ildə qəbul olunub. Dünyanın 143 ölkəsi həmin qətnaməyə dəstək verib və təcavüzə yardım göstərilməsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib".
Ekspert əlavə edib ki, ABŞ Prezidenti tərəfindən imzalanmış 14024 və 14114 saylı sərəncamlarla Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Bu sanksiyalar maliyyə-bank sistemini, dövlət orqanlarını və şirkətləri əhatə edir.
“Ermənistan isə açıq şəkildə bu sanksiya siyasətinə əməl etmir və təcavüzkar ölkəyə yardım göstərir. Onlar üçün artıq ciddi xəbərdarlıqlar olunub. Bu beynəlxalq hüquqla müəyyən edilmiş ən ağır cinayət hesab olunur".
Pərvanə Fərhadqızı






