AzTV Media-nın “Hədəf” verilişinin 30 sentyabr 2025-ci il buraxılışında qonaq olan Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Azərbaycan–İtaliya əlaqələrinin perspektivlərindən danışıb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, beynəlxalq münasibətlərdə Azərbaycanın İtaliya ilə əməkdaşlığı həmişə sabitlik üzərində qurulub:
“İtaliya heç vaxt Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləməyib, əksinə, beynəlxalq platformalarda ölkəmizin əleyhinə səs verməyib. Bu çox vacib məsələdir. İtaliya sadə dövlət deyil – Böyük Yeddiliyin üzvü, həmçinin Avropa İttifaqının ən güclü üç iqtisadiyyatından biridir. Bu baxımdan siyasi və iqtisadi əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2020-ci ildə – pandemiya ərəfəsində – İtaliyaya etdiyi səfər də əlaqələrin inkişafında mühüm rol oynayıb".
QHT sədri qeyd edib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm strateji tərəfdaşdır və bu rol getdikcə artır.
Pərvanə Fərhadqızı






