“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli QHT.az-a açıqlamasında bildirib ki, israfçılıq yalnız ailələrin büdcəsinə əlavə yük yaratmaqla kifayətlənmir, həm də cəmiyyətin milli-mənəvi dəyərlərinə mənfi təsir göstərir.
Onun sözlərinə görə, artıq israfçılıq ənənəvi sadəlik, təmkin və mənəviyyata söykənən ictimai münasibətlərin pozulmasına səbəb olur:
“Bu vacib mövzuda müzakirələrin keçirilməsi bir ictimai sifarişdir. İctimai tədbirlərdə, mühitdə, diskursda və sosial şəbəkələrdə israfçılıq hallarının cəmiyyətdə ciddi müzakirələrə səbəb olduğunu, narahatlıq yaratdığı son vaxtlar daha aydın görünür. Artıq demək olar ki, cəmiyyətin bütün təbəqələrində bu neqativ tendensiya ciddi problem kimi müzakirə olunur. Xüsusən toy və yas mərasimlərinin təşkilində israfçılıq təəssüf ki, normaya, ənənəyə çevrilməkdədir. İsrafçılıq kütləvi hal alıb və toy və yas mərasimləri özünün əsil məqsədindən uzaqlaşıb, fərqli forma və məzmun qazanıb”.
Zaur İbrahimli vurğulayıb ki, əsrlər boyu riayət etdiyimiz ənənələr son illər deformasiyaya uğrayıb, bu təbii ehtiyacdan yox, marketinq üsulları ilə formalaşdırılmış süni düşüncə, davranış tərzindən baş verib:
"Cəmi bir neçə illər əvvəlki mərasimlərlə müqayisədə bu gün keçirilən el şənlikləri və yas mərasimlərini müqayisədə yad mədəniyyətin mənimsənilmədi təssüratı yaranır. Bugünkü ictimai müzakirəmizin əsas məqsədi bu probelmi açıq, akadenik tərzdə müzakirə etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaq və cəmiyyətə ziyalıların, ictimaiyyətin aydın ismarıcını çatdırmaqdır".
Pərvanə Fərhadqızı






