5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar müəllimlərin cəmiyyətdəki nüfuzunun artırılması, onların sosial rifahının yaxşılaşdırılması və peşəyə marağın gücləndirilməsi məsələləri yenidən gündəmə gəlir. Təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlamasında müəllim nüfuzunun yüksəldilməsi üçün bir sıra addımların atılmasının vacibliyini vurğulayıb.
Məzahir Məmmədli müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək, onlara yaradıcılıq uğurları və peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Ekspertin sözlərinə görə, müasir dövrdə müəllim olmaq kifayət qədər çətin və məsuliyyətli peşəyə çevrilib:
“Bugünün müəllimi bilikli, bacarıqlı və kifayət qədər məlumatlı olmalıdır”.
Məzahir Məmmədli qeyd edib ki, Azərbaycanda artıq uzun illərdir müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar keçirilir və namizədlərdən ixtisas bilikləri ilə yanaşı, digər sahələr üzrə də müəyyən biliklər tələb olunur.
Ekspert müəllim nüfuzunun artırılması istiqamətində müəyyən mexanizmlərin tətbiq edilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, müəllimlərə qarşı təhqir və hörmətsizliyin qarşısının alınması üçün hüquqi tədbirlərin gücləndirilməsi məqsədəuyğun olardı:
“Qazaxıstanda son günlərdə belə bir qərar verilib ki, müəllimlərə həqarət edən, onları təhqir edən şəxslər cəzalandırılacaqlar. Yaxşı olar ki, biz də bu kimi bir qərarın verilməsinə, bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə nail olaq”.
M.Məmmədli hesab edir ki, dövlət səviyyəsində atılacaq belə addımlar müəllimlərin nüfuzunun qorunmasına töhfə verə bilər.
Təhsil eksperti həmçinin şagirdlərin qiymətləndirilməsi və müəllim-şagird münasibətlərində müəyyən dəyişikliklərə ehtiyac olduğunu deyib. O, repetitorluğun geniş yayılmasının məktəbdə müəllim və şagird arasındakı münasibətlərə müəyyən təsir göstərdiyini vurğulayıb.
Onun fikrincə, xüsusilə yuxarı siniflərdə davamiyyət və şagirdlərin tədris prosesində iştirakı ilə bağlı müəllimlərin rolunun gücləndirilməsi istiqamətində addımlar atılmalıdır:
“Şagirdlər hiss etsələr ki, onların taleyi müəyyən mənada müəllimin qiymətləndirməsindən asılıdır, o halda dərsə və davamiyyətə daha ciddi yanaşacaqlar. Digər tərəfdən, müəllimin müəyyən mənada ciddiliyini də qəbul edəcəklər”.
Ekspert müəllimlərin əməkhaqlarının artırılmasının da onların rifahının yaxşılaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib. O, sertifikatlaşdırma prosesinin bu istiqamətdə müəyyən rəqabət mühiti yaratdığını qeyd edib.
M.Məmmədli müəllimlərin öz üzərində işləməsinin və biliklərini daim artırmasının vacibliyini də diqqətə çatdırıb.
Sonda ekspert müəllimlərin xarici görünüşü və geyim standartları məsələsinə də toxunub. Onun sözlərinə görə, müəllim nüfuzunun qorunması baxımından pedaqoqlar üçün müəyyən geyim standartlarının olması və həmin standartlara əməl edilməsi məqsədəuyğundur.
“Vahid forma olmasa da, müəllimlər üçün müəyyən olunmuş standart formalar var ki, buna əməl olunmalıdır. Bu halda müəllim nüfuzunun cəmiyyət tərəfindən daha müsbət qarşılanması mümkün olacaq”, – deyə M.Məmmədli bildirib.
Zəhra Ağayeva












