Bu gün Azərbaycanda Müəllimlər Günü qeyd olunur. Bu münasibətlə təhsil eksperti Ramin Nurəliyev müəllimləri və pedaqoji fəaliyyətlə məşğul olan bütün şəxsləri təbrik edib.
Ramin Nurəliyev QHT.az-a açıqlamasında bildirib ki, müəllim nüfuzunun artırılması istiqamətində mühüm addımlar atılmalıdır. Onun sözlərinə görə, müəllim gələcək nəslin formalaşmasında əsas rol oynayan şəxslərdən biridir.
Ekspert qeyd edib ki, müəllimlərin həm sosial şəraiti, həm də maddi təminatı yaxşılaşdırılmalıdır:
“Düşünürəm ki, ilk növbədə müəllimlərin əməkhaqqı məsələsində müəyyən tənzimlənmə həyata keçirilməlidir. Bununla yanaşı, müəllimlərin sosial təminatının gücləndirilməsi, onlara sosial evlərin verilməsi və müxtəlif güzəştlərin tətbiqi də vacibdir”.
R.Nurəliyev müəllimlər üçün ictimai nəqliyyat və avtomobillərlə bağlı müəyyən güzəştlərin tətbiqinin də faydalı ola biləcəyini vurğulayıb. O, xüsusilə regionlarda, ucqar kəndlərdə çalışan müəllimlər üçün kommunal xidmətlərdə güzəştlərin və müəllim kartı imkanlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Ekspertin fikrincə, müəllimlərin rifahının yaxşılaşdırılması onların peşəsinə daha böyük diqqət ayırmasına və təhsil fəaliyyətinə bütün enerjisini yönəltməsinə imkan verər.
Ramin Nurəliyev eyni zamanda müəllimlərin də öz peşələrinə sadiq qalmasının vacibliyini bildirib. Onun sözlərinə görə, müəllimlər cəmiyyəti formalaşdıran əsas peşə sahiblərindən olduqları üçün davranış və fikirlərinə xüsusi diqqət yetirməlidirlər.
“Xüsusilə sosial platformalarda bəzi müəllimlərin mənfi fikirlər səsləndirməsinin tərəfdarı deyiləm. Çünki sosial platformalara gənclər və uşaqlar da baxır. Bu cür paylaşımlar müəllimlik ixtisasını seçmək istəyən gənclərə mənfi təsir göstərə və onların bu peşəni seçməkdə tərəddüd etməsinə səbəb ola bilər”, – deyə ekspert bildirib.
O əlavə edib ki, müəllim nüfuzunun artırılması istiqamətində təbliğat və maarifləndirmə işində müəllimlərin özləri də fəal iştirak etməlidirlər. R.Nurəliyev gənc müəllimlərə dəstəyin artırılmasının və pedaqoji peşənin nüfuzunun yüksəldilməsinin vacibliyini vurğulayıb.
Ekspert məktəb rəhbərliyi ilə müəllimlər arasında münasibətlərə də toxunub. Onun sözlərinə görə, təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlərə qarşı neqativ münasibət və obyektivliyin pozulması kimi halların qarşısı alınmalıdır.
“Bu istiqamətdə müvafiq qurumlar nəzarət mexanizmlərini gücləndirməlidir. Müəllimlərin narazılığına səbəb olan məsələlərin, o cümlədən dərs saatlarının bölüşdürülməsi və idarəetmə ilə bağlı problemlərin aradan qaldırılması üçün mütəmadi görüşlər və müzakirələr keçirilməlidir”, – deyə Ramin Nurəliyev qeyd edib.
Zəhra Ağayeva












