Toşiyuki Mimakinin fikrincə, indi ən təhlükəli dövrdür.
QHT.az xəbər verir ki, 83 yaşlı Toşiyuki Mimaki — 1945-ci ildə Xirosimaya atılan atom bombasından sağ çıxanlar arasında olub və ömrünü nüvə silahlarının qadağan edilməsinə həsr edib. O, keçən il Nobel Sülh Mükafatını qazanıb. Bombardmanın 80-ci ildönümündə Mimaki dünyanı ciddi təhlükə ilə üzləşdiyi barədə xəbərdarlıq edib:
“Bu, ən təhlükəli dövrdür. Rusiya, Şimali Koreya, Çin nüvə silahından istifadə edə bilər. Tramp isə tam bir qarışıqlıqdır. Biz müharibəsiz və nüvəsiz bir dünya istəyirik, amma bizi dinləmirlər.”
Xatırladaq ki, ABŞ-ın Xirosimaya atom bombası atması nəticəsində təxminən 70 min insan dərhal həyatını itirdi, şəhərin üçdə ikisi dağıldı. Mimaki hadisə zamanı üç yaşında idi və episentrdən 17 km aralıda yerləşirdi:
“Partlayış səsini eşitmədim, sadəcə parlaq bir işıq gördüm. İnsanlar çölə çıxırdı — kimisi ayaqyalın, kimisi su istəyirdi.”
O bildirib ki, atası iş yerinin zirzəmisində olduğundan dörd gün sonra sağ qalıb evə qayıda bilmişdi:
“Yuxarı qalxanda Xirosima artıq yox idi.”
Toşiyuki Mimaki vurğulayıb ki, atom bombardmanının nəticələri bu gün də davam edir, insanlar hələ də radiasiyanın fəsadlarından əziyyət çəkirlər. O, dünyada minlərlə nüvə silahının mövcudluğunun təhlükəsinə diqqət çəkərək, bir daha hibakuşa – atom bombasından zərər çəkən insanlar yaranmamalıdır, çağırışı edib.
R.İmanov






