"Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyinin “Şuşalı qəhrəman İsrafil İbrahimov: “Yalnız irəli - 4” sənədli film çəkilişi və neo-təbliğat” adlı layihəsinin icrası davam edir.
Birliyin rəhbəri Tahirə Məmmədova QHT.az- a bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə 1 iyul – 30 sentyabr tarixində icra ediləcək: “Layihə üzrə işlər davam edir, aidiyyəti qurumlarla əməkdaşlıqlar edilir, müvafiq müqavilələr bağlanılıb. II Qarabağ müharibəsində iştirak edərək sevdikləri, canlarını fəda etdikləri Bütöv Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın geniş kütlələrə tanıdılması, onların müqəddəs amallarınn təbliği, millətimizin dünyaya nümunə olan 30 illik haqq müharibəsinin ekran salnaməsini yaratmaqla, gənclərdə vətənpərvərliyi, Azərbaycansevərliyi daha da gücləndirmək çox vacibdir. Tammetrajlı sənədli film, Qarabağ, Şuşa və bu dilbər şəhərin işğalı, onun uğrunda canını fəda edən qəhrəman şuşalıllar haqqında silsilənin növbəti, dördüncü hissəsini təşkil edəcək”.
Tahirə Məmmədova həmçinin qeyd edib ki, II Qarabağ müharibəsində əslən Şuşadan olan 9 şəhid qəhrəman var, onların şərəfli ömür və döyüş yolu yeni nəslə nümunə kimi tanıdılmalıdır ki, Qarabağ İqtisadi Zonasına daxil olan bölgələrin bərpası proseslərində gənclərimiz mətinlə çalışsın, Azərbaycanımızı, doğma diyarını yenidən tikib-yaratmağı, iqtisadi-mədəni inkişaf etdirməyi bacarsınlar.
Bütün zamanlarda olduğu kimi, II Qarabağ müharibəsindən sonrakı dövrdə müəyyən ictimai-psixoloji boşluq, mənəvi-ruhi böhranlar baş verməsi normaldır. Cəmiyyətini və ölkəmizi bunun zərərli təsirlərindən qorumaq, mərhələləi şəkildə sosial-məişət problemləri həll olunan hərbiçilərin, gənclərimizin radikal daxili və xarici qüvvələrin təsirinə düşməmələri üçün onların Vətən qarşısındakı rəşadətli qəhrəmanlıqları siyasi-mənəvi ideologiya səviyyəsində təbliğ olunmalıdır. Şəhidlər və qəhrəmanlarımızın hər zaman xalq, Vətən üçün gərəkli olmaları təbliğ edilməli, onların möhtəşəm qələbələri ideoloji-mənəvi işə çevrilməsi üçün vizual formalarda uşaqlara, yeniyetmələrə, gənclərə, gələcək nəsillərə tanıdılmalıdırlar: ““Yalnız irəli - 4” sənədli filmi o şəhəri görməyən, fəqət, Qarabağ uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə qalxmış bir igid hərbiçi İsrafil Zülfüqar oğlu İbrahimovun gənclərə ibrətgöstəriləsi həyat və döyüş yolu haqqındadır. Layihənin məqsədi vətənpərvərliyin yeni kreativ formalarda təbliği, bu istiqamətdə şəhidlərin, qəhrəmanların tanıdılması, onların adlarının əbədiləşdirilməsidir”.
Pərvanə Fərhadqızı












