Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin BQXK-yə açıq məktubu barədə fikir bildirən Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov "Bakı -Xəbər"ə açıqlamasında qeyd etdi ki, məktubun məzmunu ilə ölkə ictimaiyyəti artıq tanış olub: "Məlumdur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi 30 ildir Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində komitənin fəaliyyəti ilə bağlı bəzi suallar yaranıb. Təəssüflər olsun ki, komitə hər zaman olduğu kimi suallardan yayınır".
A.Allahverənov xüsusi olaraq vurğuladı ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi müstəqil təşkilatdır. Bu komitənin məqsəd və vəzifəsi qərəzsiz humanitar yardım göstərməkdir. Humanitar yardım dedikdə, hərbi münaqişələrdən əziyyət çəkən insanlara yardım etmək, onları qorumaqdır: "Məlumat üçün deyim ki, 1863-cu ildə yaradılan bu komitənin fəaliyyəti sırf yardım, köməklik göstərmək olmalıdır. Onu da deyim ki, bir ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsinə münasibətdə komitə nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir. Ancaq Azərbaycana gələndə isə, bu təşkilat kifayət qədər qərəzli davranır. Azərbaycanla bağlı hər hansı bir məsələdə komitə ört-basdır etməyə üstünlük verir".
A.Allahverənov onu da əlavə etdi ki, adı humanitar fəaliyyətlə bağlı olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları qaçaqmalçılıqla məşğul olur. Laçın dəhlizində Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid nəqliyyat vasitələrində qadağan olunan əşyalar aşkar edilib. Həmçinin, zaman-zaman komitənin maşınlarında Xankəndidə qeydiyyatda olmayan ermənilərin və xarici vətəndaşların daşınmasının şahidi olmuşuq. Bu kimi faktlar sübut edir ki, komitə erməni mövqeyindən çıxış edir.












