27 iyul 2023-cü il tarixində “Dayanaqlı İnkişaf Məqsəd 11-in icrasına dair əsas hesabat: Dayanıqlı Şəhərləri və İcmaları” təqdimatı keçirilib. Hesabatı “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyin sədri Əhəd Kazımov və “GEM ESG & CSR Consulting” rəhbəri Liya Bayramova hazırlayıblar.
Birliyin sədri Əhəd Kazımov QHT.az- a açıqlamasında bildirib ki, hesabat Şərqi Avropa və Cənubi Qafqazda dayanıqlı inkişafın monitorinqinə dair “SDG LENS” proqramı çərçivəsində hazırlanıb: “SDG LENS, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukraynadan olan ictimai aktorlar, sıravi cəmiyyət üzvlərinin təşəbbüsləri və QHT nümayəndələri, tədqiqatçılar və ekspertlər üçün bacarıqların artırılmasına yönələn proqramdır”.
Qeyd edək ki, tədbirdə yerli QHT-lərin, biznes şirkətlərinin və müxtəlif təşəbbüs qruplarının 25-ə yaxın nümayəndəsi iştirak edib. Görüş zamanı Azərbaycanda DİM-in təşviqi üçün QHT koalisiyasının yaradılması ideyası müzakirə olunub. 2023-cü ilin oktyabrında koalisiyanın rəsmi açılış tədbirinin hazırlanması üzərində işləyəcək işçi qrupunun yaradılması razılaşdırılıb.
Pərvanə Fərhadqızı












