"Tarix sahəsində Maarifləndirməyə Dəstək" İctimai Birliyinin sədri Kənan Məmmədov QHT.az-a açıqlamasında ana dilinin milli kimliyin, mədəni irsin və tarixi yaddaşın qorunmasında mühüm rol oynadığını vurğulayıb.
QHT sədri bildirib ki, ana dili insanın dünyagörüşünü formalaşdırır, düşüncə tərzinə təsir edir və fərdi ifadə azadlığını təmin edir. Kənan Məmmədovun sözlərinə görə, ana dilində təhsil almaq bilik və bacarıqların daha yaxşı mənimsənilməsinə, sosial inteqrasiyanın və milli birlik hissinin güclənməsinə töhfə verir:
"Dil həm də mədəniyyətin daşıyıcısıdır, ədəbiyyat, incəsənət və ənənələrin ötürülməsində mühüm vasitədir. Onun qorunması və inkişafı, xalqın mövcudluğu və gələcək nəsillərə öz köklərini çatdırması üçün vacibdir. Ana dilinin təbliği və gələcək nəsillərə ötürülməsi üçün rəqəmsal maarifləndirmə, təhsil proqramları, mədəniyyət və incəsənət layihələri, eləcə də innovativ texnoloji həllər həyata keçirilə bilər. Mobil tətbiqlər, sual-cavab oyunları, sosial media kampaniyaları, podcast və audiomateriallar vasitəsilə dili populyarlaşdırmaq mümkündür. Məktəblərdə seminarlar, dil düşərgələri və intellektual yarışlar təşkil edilə bilər. Tarixi mətnlər və klassik ədəbiyyat müasir nəsillər üçün daha əlçatan şəkildə təqdim olunmalıdır. Ana dili gününə həsr olunmuş tədbirlər, milli teatr və ədəbiyyat gecələri təşkil edilməli, tarixi mövzulu filmlər və cizgi filmləri çəkilməlidir. QR kodlu mədəni irs layihələri, süni intellekt və chatbot texnologiyaları vasitəsilə ana dilinin istifadəsini artırmaq mümkündür".
Pərvanə Fərhadqızı












