Bakı Dövlət Universitetində (BDU) dünya şöhrətli fotojurnalist Reza Deqatinin iştirakı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə baş tutub.

QHT.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BDU-nun rektoru Elçin Babayev çıxış edərək, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu vurğulayıb. O, bu soyqırımın təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. Rektor, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdiyi soyqırım nəticəsində 613 nəfərin həlak olduğunu xatırladıb.

Tədbirdə çıxış edən Reza Deqati, Xocalı faciəsinin şahidi kimi, həmin dövrdə çəkdiyi fotoşəkillər vasitəsilə erməni silahlı qüvvələrinin törətdiyi vəhşilikləri dünya ictimaiyyətinə çatdırdığını bildirib. O, Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində fəaliyyətinin davam etdiyini vurğulayıb. Anım tədbiri çərçivəsində Reza Deqatinin Xocalı faciəsinə dair çəkdiyi fotoşəkillərdən ibarət sərgi də təşkil olunub. Sərgidə faciənin dəhşətlərini əks etdirən nadir fotolar nümayiş etdirilib.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

 

 

 

Pərvanə Fərhadqızı