Rusiya Baltikyanı respublikalar istisna olmaqla keçmiş SSRİ məkanındakı ölkələrin NATO-ya üzvlük məsələsini özünə qarşı ciddi təhlükə hesab edir.

Bu barədə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a açıqlamasında bildirib ki, NATO-nun genişlənməsi, hətta daha bir neçə dövlətin bu təşkilata üzv olmaq istəyi Rusiyanı daha da hiddətləndirir: “Əslində hər bir ölkənin öz strateji maraqlarını və təhlükəsizliyini nəzərə alaraq beynəlxalq hərbi bloklarda təmsil olunmaq hüququnun və istəyinin olması təbii haldır. Ukrayna ilə müharibədə böyük itkilər verən Rusiya keçmiş SSRİ məkanındakı bir sıra regionlardan, o cümlədən Cənubi Qafqazdan əl çəkənə oxşamır. Belə təhdidlərin qarşısını almaq üçün Qərbə və yaxud ABŞ-a bel bağlamaq çətin məsələdir”.

Digər bir məkrli planı da qeyd edən Birliyinin sədri Türk Dövlətləri Təşkilatının genişlənməsinin qarşısını almaq və həmin ölkələrdə müxtəlif formada çaxnaşmalar yaratmaq Rusiyadakı bəzi qüvvələrin hədəflərində olduğunu da vurğulayıb: “Şimal qonşumuz belə imperiya gedişli hərəkətləri ilə bu siyasətindən əl çəkənə oxşamır. Belə məqamda Azərbaycan və Türkiyə Prezidentlərinin iki il öncə imzaladıqları Şuşa Bəyannaməsi ölkəmizi çox ciddi təhdidlərdən qoruyacaq addımlardan biridir. Bu tarixi sənəd regiona ediləcək təhdidlərinin qarşısını almaqla bərabər, bölgə dövlətlərinin sabit inkişafına təminat yaradacaq. Bu Bəyannamə dünyaya ünvanlanmış ciddi mesajdır, bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir”.

 

Pərvanə Fərhadqızı