Humanitar məsələlərlə məşğul olmalı olan Beynəlxalq Qırmızı Xaç Komitəsi əslində Qarabağa siqaret, telefon və yanacaq daşıyırmış.

Bu barədə “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov QHT.az-a açıqlamasında  bildirib. O, qeyd edib ki, Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb: “Nəqliyyat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Komitəyə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb”.

Komitəyə rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllərinin təkrar olunduğunu vurğulayan Telman Dadaşov bunların aradan qaldırılması üçün zəruri addımlar atılmadığını da qeyd edib: “Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilib. Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan Beynəlxalq Qırmızı Xaç Komitəsinə olan etimadından sui-istifadə olunmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb”. 

 

Pərvanə Fərhadqızı