“27 Sentyabr – Anım Günü” ilə əlaqədar olaraq Quba rayonunda voleybol idman növü üzrə turnir təşkil olunub.
“Vətən Naminə” – Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilaçılığı, “İnnovativ İnkişafa Dəstək” , Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək, “Xınalıq” Turizmin İnkişafına Dəstək, Quba Regional QHT-lərin Resurs-Təlim Mərkəzi İctimai Birliklərinin tərəfdaşlığı və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə ümumtəhsil müəssisələrində çalışan təhsil işçiləri arasında keçirilən turnirdə 8 komanda mübarizə aparıb.
Yarışın açılış mərasimindən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədə çıxış edənlər qeyd edib ki, “27 Sentyabr – Anım Günü” ilə əlaqədar turnirin təşkilinin əsas məqsədi canlarını Vətən uğrunda fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsini hər zaman yaşatmaq və gənc nəslə nümunə olan təhsil işçilərimizi bu müqəddəs amal ətrafında birləşdirməkdir.
Gərgin mübarizə şəraitində keçən turnirin yekununda Quba rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin əməkdaşlarından ibarət komanda qalib adını qazanıb. Quba rayonu Zərdabi qəsəbəsində fəaliyyət göstərən Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinin və Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin təhsil işçilərindən ibarət komanda ikinci, Quba rayonu Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimlərindən ibarət komanda isə üçüncü mükafata sahib olub.
Yarışın sonunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən kubok, medal, diplom və xatirə hədiyyələri təqdim olunub.












