“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova regionda davamlı sülhün təmin olunması üçün tərəflərin bəyanatlarla yanaşı, real addımlar atmasının vacibliyini bildirib.
O qeyd edib ki, məsələnin ən mühüm tərəfi sülhün yalnız sözlərlə deyil, mövqelərin arxasında dayanan konkret addımlarla ölçülməsidir:
“Azərbaycan 2023-cü ildə öz ərazisində suverenliyini tam bərpa edib və bu, artıq dəyişdirilməsi mümkün olmayan reallıqdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, bu mövqeyə uyğun olaraq öz ərazisində Azərbaycan ərazisinə dair hər hansı separatçı və revanşist siyasi layihənin yaşadılmasına da imkan verməməlidir”.
Firuzə İskəndərovanın fikrincə, keçmişdə baş verən prosesləri fərqli adlar altında yenidən gündəmə gətirmək sülhə xidmət etmir.
“Cənubi Qafqazın gələcəyi üçün ən doğru yol keçmişin revanşını deyil, dövlətlərin bir-birinin suverenliyinə hörmət etdiyi yeni münasibətlər sistemini qurmaqdır. Azərbaycan sülh istəyir. Amma sülhün təməli aydındır: ərazi bütövlüyünə hörmət, suverenliyə hörmət və revanşizmə yer verməmək”, – deyə QHT sədri bildirib.






