“Önəmli gündür! Üç il öncə, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində ölkənin bütün ərazisində dövlət suverenliyi təmin olundu”.

Bu fikirləri QHT.az-a açıqlamasında “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov bildirib.

Onun sözlərinə görə, həmin hadisələr nəticəsində Xankəndidə Azərbaycan bayrağının yenidən ucaldılması tarixi əhəmiyyət daşıyıb və xalqın milli qürur hissinin möhkəmlənməsinə səbəb olub.

“Amma indi nələrə şahidlik edirik? Cəmi üç ildən sonra Ermənistan cəmiyyətində yenidən müxtəlif iddiaların səsləndirilməsi, Azərbaycanın müstəqil siyasi qərarlarına müdaxilə cəhdləri ciddi suallar doğurur. Bu nədən xəbər verir? Revanşist düşüncələr yenidənmi baş qaldırır?” – deyə Telman Məmmədov bildirib.

O hesab edir ki, Ermənistan hakimiyyəti revanşist qrupların və bu istiqamətdə səslənən çağırışların qarşısını vaxtında almalıdır.

“Azərbaycan regionda revanşist və separatçı meyillərin yenidən güclənməsinə imkan verməyəcək. Paşinyan komandası bu cür meyillərin və təxribat xarakterli yanaşmaların qarşısını operativ şəkildə almalıdır”, – deyə o vurğulayıb.

Telman Məmmədov açıqlamasının sonunda Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:

“Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!”