Avropa Şurasının Nazirlər Komitəsi vətəndaş cəmiyyəti təşkilatlarının xarici maliyyə mənbələrindən vəsait almasına görə ayrı-seçkiliyə məruz qoyulmaması ilə bağlı yeni tövsiyə qəbul edib.

Tövsiyədə vurğulanır ki, QHT-lərin xarici maliyyə əldə etməsi özlüyündə qanunsuz fəaliyyət göstəricisi kimi qiymətləndirilməməlidir. Üzv dövlətlərə təşkilatların maliyyə mənbələrinə görə damğalanmasına, onlara qarşı əsassız məhdudiyyətlərin tətbiqinə və ayrı-seçkiliyə yol verilməməsi çağırışı edilir.

Sənəd vətəndaş cəmiyyətinin müstəqilliyinin qorunması, QHT-lərin fəaliyyət göstərməsi üçün əlverişli mühitin təmin olunması və təşkilatların maliyyə resurslarına çıxış imkanlarının müdafiəsi baxımından əhəmiyyət daşıyır.

Tövsiyə Avropa məkanında vətəndaş cəmiyyətinin fəaliyyətinə dair hüquqi və institusional yanaşmaların gücləndirilməsinə yönəlib.