Kişinyovda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammiti başlayıb – Azərbaycan QHT-ləri məruzə və təqdimatlarla çıxış ediblər.

 

QHT.az xəbər verir ki, bu gün Moldovanın paytaxtı Kişinyov şəhərində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammiti (Eastern Partnership Civil Society Summit 2026) öz işinə başlayıb.

“Cəmiyyətləri birləşdirmək, demokratiyanı inkişaf etdirmək, siyasəti formalaşdırmaq” mövzusuna həsr olunan Sammitdə Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də iştirak edirlər.

Son səkkiz ildə ilk dəfə olaraq Sammit Şərq Tərəfdaşlığı ölkəsində keçirilir. Bu, regional müzakirələrin Şərq Tərəfdaşlığının mərkəzində dayanan vətəndaş cəmiyyəti təşkilatlarına və yerli icmalara daha da yaxınlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sammitin ilk günündə beş istiqamət üzrə işçi qruplarının paralel iclasları keçirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri müvafiq işçi qruplarının iclaslarında fəal iştirak ediblər.

Azərbaycan Hüquq Cəmiyyətinin rəhbəri Ziya Quliyev – I İşçi Qrupu üzrə (Demokratiya, insan hüquqları, yaxşı idarəetmə və sabitlik), 
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli – II İşçi Qrupu üzrə (İqtisadi inteqrasiya və Avropa İttifaqının siyasətlərinə uyğunlaşma), 
Azərbaycan Ornitoloji Cəmiyyətinin rəhbəri Elçin Sultanov və Qadın İslahatçılar və İnnovasiyalar İctimai Birliyinin rəhbəri Vüsalə Hüseynli – III İşçi Qrupu üzrə (Ətraf mühit, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi),

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyasının rəhbəri Dilarə Əfəndiyeva və “Ağıllı Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyinin rəhbəri Həsən Hüseynli – IV İşçi Qrupu üzrə (İnsanlararası əlaqələr),
“Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri Zaur İbrahimov və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin rəhbəri İradə Rzazadə – V İşçi Qrupu üzrə (Sosial və əmək siyasəti, sosial dialoq) tematik mövzularda məruzə və təqdimatlarla çıxış ediblər.

Azərbaycan QHT-lərinin nümayəndələri, həmçinin işçi qruplarında aparılan müzakirələrə fəal qoşularaq gündəlikdəki məsələlərə dair fikir və təkliflərini səsləndiriblər.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammiti Şərq Tərəfdaşlığı regionundan və Avropa İttifaqına üzv dövlətlərdən vətəndaş cəmiyyəti nümayəndələrini, Avropa İttifaqının rəsmilərini və qərar qəbul edən şəxsləri dialoq və əməkdaşlıq üçün vahid platformada bir araya gətirir.

Sammit Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılması, demokratik dayanıqlılığın gücləndirilməsi, vətəndaş cəmiyyətinin səsinin regional və Avropa siyasətinin formalaşdırılması prosesində eşidilməsi üçün imkan yaradır.
Sammit noyabrın 26-dək davam edəcək.

 

Cəsarət Hüseynzadə /Kişinyov