“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov QHT.az-a bildirib ki, 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması ilə Qarabağla bağlı separatçı rejimin mövcudluğuna son qoyulub, qanunsuz silahlı birləşmələr tərksilah edilib.

 

Onun sözlərinə görə, Azərbaycan üçün “Dağlıq Qarabağ problemi” məsələsi artıq başa çatıb və bu, dəyişməz reallıqdır.

“Qarşı tərəfin törətdiyi bütün vəhşiliklərə baxmayaraq, Azərbaycan iki ölkə arasında sülhün əldə olunması üçün ilk təşəbbüs göstərən tərəfdir. Ancaq sülh yalnız bəyanatlarla deyil, real fəaliyyətlə əldə oluna bilər. Keçmiş separatçı strukturların Ermənistanda fəaliyyətini davam etdirməsi isə sülh prosesinə qətiyyən xidmət etmir”, – deyə Hafiz Səfixanov bildirib.

 

QHT sədrinin fikrincə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da göstərməlidir.

 

“Ermənistan ilk növbədə öz ərazisində Azərbaycana qarşı revanşist və separatçı təşkilatlanmaya imkan yaratmamalıdır. Əks təqdirdə, həqiqətən də Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyin təhlükəli məşğuliyyət olduğunu unutmamalıdır”, – deyə Hafiz Səfixanov vurğulayıb.