“Azərbaycan öz ərazisində suverenliyini təmin edərkən heç kimdən icazə almayıb, sadəcə beynəlxalq hüququn və öz Konstitusiyasının tələblərini yerinə yetirib”.
Bu fikirləri QHT.az-a açıqlamasında Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyn bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında baş verən proseslər Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması ilə nəticələnib.
“28 sentyabr sənədi separatizmin ləğvi sənədi deyil, sadəcə qaçılmaz məğlubiyyətin rəsmi etirafı idi. İrəvanda hansısa ‘mühacir hökuməti’ xəyalları quranlar anlamalıdırlar ki, tarixin çarxını geriyə döndərmək qeyri-mümkündür. Ermənistan rəhbərliyi revanşist ideyalara birdəfəlik son qoymalı və reallığı qəbul etməlidir. Sülhün tək yolu Azərbaycanın suverenliyinə qeyd-şərtsiz hörmətdən keçir”, – deyə Rauf Zeyn bildirib.
O qeyd edib ki, Ermənistanda bəzi qüvvələrin “status” və ya “mühacir parlamenti” kimi təşəbbüslərlə çıxış etməsi mövcud reallığı dəyişə bilməz:
“2023-cü ilin 20 sentyabrında şəhidlərimizin canı, qazilərimizin fədakarlığı hesabına ərazilərimizdəki qanunsuz rejimə birdəfəlik son qoyuldu. Bu gün Ermənistandakı bəzi revanşist qüvvələrin ‘status’ və ya ‘mühacir parlamenti’ oyunu oynamaq cəhdləri sadəcə vaxt itkisidir. Azərbaycanın suverenliyi bölünməzdir və müzakirə predmeti ola bilməz”.
Rauf Zeyn sonda vurğulayıb ki, İrəvanda qəbul edilən hər hansı sənəd və ya verilən bəyanat mövcud vəziyyəti dəyişdirmək gücündə deyil:
“Suverenlik kiminsə lütfü və ya icazəsi deyil. Ermənistan kağız üzərində müxtəlif ‘fərmanlar’ imzalamaqla reallığı dəyişə bilməz. Reallıq isə birdir: Qarabağ Azərbaycandır!”












