Apple-ın gələn ilin yaz aylarında təqdim etməyə hazırlaşdığı Phone 18e, standart iPhone 18 və iPhone Air 2 modellərinin yeni CAD görüntüləri yayımlanıb. Yeni görüntülər seriyanın kamera quruluşunda və ümumi dizaynında gözlənilən dəyişiklikləri ortaya qoyub.

QHT.az xarici mediaya istinadən bildirir ki, Apple iPhone təqdimat strategiyasında dəyişiklik edərək yeni modellərin təqdimatını iki mərhələyə bölüb. Şirkət sentyabr ayında daha yüksək seqmentə aid iPhone 18 Pro və iPhone Duo modellərini təqdim etdikdən sonra daha münasib qiymətli cihazların yeni versiyaları üzərində işləyir.

“Engadget” nəşrinin araşdırdığı yeni CAD görüntüləri qarşıdakı modellərin dizayn baxımından daha bahalı iPhone versiyalarına yaxınlaşacağını göstərir.

Məlumatların Apple-ın təchizat zəncirinə bələd olan və daha əvvəl iPhone 17 ilə iPhone 18 Pro modellərinin rəng seçimləri barədə düzgün məlumatlar paylaşdığı bildirilən mənbədən əldə edildiyi qeyd olunur.

iPhone 18e yenilənmiş kamera platforması ilə gələcək

Mövcud iPhone 17e modelində nəzərəçarpan kamera platforması yoxdur. Arxa kamera obyektivi kiçik çıxıntı ilə telefonun korpusuna yerləşdirilib.

Bu dizaynda mikrofon və LED flaş komponentləri də birbaşa arxa şüşə paneldəki xüsusi oyuqlara yerləşdirilib. Yeni CAD görüntüləri isə Apple-ın iPhone 18e modelində kamera quruluşunu yenidən nəzərdən keçirə biləcəyinə işarə edir.

Qeyd: Dizaynla bağlı məlumatlar CAD görüntülərinə əsaslanan ilkin məlumatlardır, Apple tərəfindən rəsmi təsdiqlənməyib.