“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə predmeti deyil. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi təmin edildi”.
Bu fikirləri QHT.az-a açıqlamasında “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını yalnız bəyanatlarla deyil, real addımlarla da təsdiqləməlidir.
“Ermənistan ərazisində Qarabağ separatizmini və revanşist təşkilatlanmanı yaşatmaq cəhdləri sülh və etimad mühitinə xidmət etmir. Azərbaycan sülh tərəfdarıdır, lakin sülh heç vaxt suverenlikdən, ərazi bütövlüyündən və milli təhlükəsizlikdən imtina demək deyil”, – deyə Tünzalə Abduləlimova qeyd edib.
QHT sədri vurğulayıb ki, Qarabağ məsələsi Azərbaycan üçün bağlanmış məsələdir:
“Azərbaycanın ərazi bütövlüyünə qarşı revanşist layihələrin yenidən gündəmə gətirilməsinə yol verilə bilməz. Ermənistan bunu nə qədər tez və aydın dərk etsə, regionda davamlı sülh üçün bir o qədər sağlam zəmin yaranar”.
Tünzalə Abduləlimova əlavə edib:
“Azərbaycan sülh əlini uzadır, amma suverenliyindən geri addım atmır. Bu sərhəd qırmızı xətdir və heç kim Azərbaycanın səbrini sınağa çəkməyi təhlükəsiz seçim hesab etməməlidir”.












